Təcili tibbi yardımda həkimlərin peşəkar hazırlığı nə dərəcədə yetərlidir?
2 Oktyabr 23:40 Sosialİnsan sağlamlığı həyatın ən mühüm məsələlərindən biridir. Gündəlik həyatda müxtəlif səbəblərdən səhhətimizlə bağlı problemlərlə qarşılaşa bilərik. Bəzən bu problemlər sadə tibbi müdaxilə ilə aradan qaldırılsa da, elə hallar olur ki, vəziyyətin qiymətləndirilməsi və lazımi tibbi yardımın vaxtında göstərilməsi həyati əhəmiyyət daşıyır. Xüsusilə qəfil xəstəlik, travma, qəza, kəskin ağrı, nəfəsalma çətinliyi, ürək-damar problemləri və digər təxirəsalınmaz vəziyyətlər zamanı tibbi yardımın sürətli və düzgün təşkili xüsusi önəm daşıyır.
Belə məqamlarda insanların ilk müraciət etdiyi ünvanlardan biri təcili tibbi yardımdır. Düşünürəm ki, təcili tibbi yardım sistemi yalnız xəstənin çağırış ünvanına çatdırılmasından ibarət deyil. Burada bir neçə mərhələ bir-biri ilə əlaqəli şəkildə həyata keçirilir. Çağırışın qəbulundan başlayaraq briqadanın hadisə yerinə vaxtında çatması, xəstənin ilkin qiymətləndirilməsi, vəziyyətə uyğun tibbi müdaxilənin göstərilməsi, zərurət yarandıqda xəstənin tibb müəssisəsinə çatdırılması və bütün bu proses ərzində düzgün qərarların verilməsi bütöv bir mexanizmi formalaşdırır.
Bu mexanizmdə texniki imkanlar və təşkilati məsələlərlə yanaşı, tibbi personalın peşəkarlığı da mühüm yer tutur. Çünki təcili tibbi yardım zamanı həkimin qarşısında çox vaxt məhdud zaman çərçivəsində qərar qəbul etmək kimi mürəkkəb və məsuliyyətli vəzifə dayanır. Xəstənin vəziyyətinin ilk baxışdan düzgün qiymətləndirilməsi, əsas risklərin müəyyənləşdirilməsi və hansı müdaxilənin daha vacib olduğunun seçilməsi sonrakı prosesin gedişinə təsir göstərə bilər.
Təcili tibbi yardımın digər tibbi xidmət sahələrindən əsas fərqlərindən biri də məhz zaman amilinin burada xüsusi əhəmiyyət daşımasıdır. Xəstəxana şəraitində həkimin müxtəlif müayinələrin nəticələrini gözləmək, xəstəni daha ətraflı müşahidə etmək və qərar üçün əlavə imkanlardan yararlanmaq imkanı ola bilər. Təcili yardım zamanı isə vəziyyət tamamilə fərqli ola bilər. Həkim bəzən xəstənin olduğu məkanda, məhdud tibbi avadanlıq və informasiya şəraitində ilkin qərar verməli olur. Bu isə tibbi biliklərlə yanaşı, praktiki bacarıq, diqqət, çeviklik və vəziyyəti düzgün qiymətləndirmək qabiliyyəti tələb edir.
Tibb elmi daim inkişaf edir, müxtəlif xəstəliklərin müalicə və diaqnostika üsulları dəyişir, tibbi texnologiyalar yenilənir. Bu səbəbdən həkimin yalnız ali təhsil müddətində əldə etdiyi biliklərlə kifayətlənməsi kifayət etmir. Peşəkar inkişaf davamlı proses olmalıdır.
Xüsusilə təcili yardım sahəsində praktik təlimlərin əhəmiyyəti böyükdür. Nəzəri biliklə real hadisə arasında müəyyən fərqlər mövcuddur. Tələbə və ya həkim tədris prosesində müəyyən bir vəziyyətin necə idarə olunmasını öyrənə bilər.
Digər tərəfdən, təcili yardım həkiminin qarşılaşdığı çətinliklər yalnız tibbi xarakter daşımır. Hadisə yerində bəzən xəstənin yaxınlarının narahatlığı, gərginlik, hadisənin emosional ağırlığı və digər sosial amillər də mövcud olur. Belə şəraitdə həkimin həm tibbi qərar qəbul etməsi, həm də xəstə və onun yaxınları ilə düzgün ünsiyyət qurması vacibdir. Xəstəyə və ailə üzvlərinə vəziyyət barədə mümkün qədər aydın və sakit məlumat verilməsi də tibbi yardım prosesinin mühüm hissəsidir.
Bu baxımdan həkimlərin peşəkar hazırlığına yanaşma kompleks olmalıdır. Buraya nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar, mütəmadi təlimlər, simulyasiya məşğələləri, müxtəlif təcili vəziyyətlər üzrə hazırlıq, komanda işi və ünsiyyət bacarıqları da daxil edilə bilər. Eyni zamanda həkimlərin fəaliyyət zamanı qarşılaşdıqları real problemlərin təhlili də gələcək hazırlığın təkmilləşdirilməsi baxımından faydalı ola bilər.
Maraqlıdır ki, təcili yardım zamanı həkimlərin operativ və düzgün qərar verməsinə ən çox hansı amillər təsir edir? Mürəkkəb və həyati təhlükəli hallarla bağlı təcili yardım həkimlərinin hazırlığında hansı çatışmazlıqlar və ya çətinliklər daha çox müşahidə olunur?
Mövzu ilə bağlı daha ətraflı ürək damar cərrahı Orxan Məmmədov Olaylar.az-a açıqlama verib:
" Təcili tibbi yardım işçilərinin hazırlıq səviyyəsini yaxşı qiymətləndirirəm. Hesab edirəm ki, həkimlərimiz kifayət qədər bilik və bacarıqlara malikdirlər. Təcili tibbi yardım həkimlərinin operativ və düzgün qərar verməsində onların praktik bacarıqları və peşəkar hazırlığı mühüm rol oynayır. Praktik bacarıqları yüksək olan həkimlər təcili vəziyyətlər zamanı daha düzgün qərarlar qəbul edə və xəstəyə vaxtında müdaxilə göstərə bilirlər. Belə hallarda həkimin savadı ilə yanaşı, praktiki təcrübəsi və vəziyyəti düzgün qiymətləndirmək bacarığı da böyük əhəmiyyət daşıyır. Lakin bu sahədə müəyyən çətinliklər də mövcuddur. Əsas məsələlərdən biri təcili tibbi yardım avtomobillərinin tam təchizatlı olmamasıdır. Məsələn, avtomobillərdə ExQ avadanlıqları çox azdır. Təcili tibbi yardım maşınlarında instrumental və laborator müayinələrin aparılması üçün imkanların genişləndirilməsi məqsədəuyğun olardı. Çünki belə imkanlar olduqda xəstənin vəziyyətini daha dəqiq qiymətləndirmək, düzgün diaqnoz qoymaq və vaxtında müdaxilə etmək mümkün olar. Elə xəstələr də var ki, lazımi müayinələr və ilkin tibbi müdaxilə yerində həyata keçirildiyi halda, onların xəstəxanaya gətirilməsinə belə ehtiyac qalmaz.
Əslinə qalanda, təcili tibbi yardım səhiyyənin əsas dayaq sütunlarından biridir. Bu səbəbdən həmin sahənin inkişafı və təkmilləşdirilməsi daim diqqətdə saxlanılmalıdır. Bunun üçün ilk növbədə mütəxəssislərin peşəkar hazırlığına xüsusi önəm verilməlidir. Peşəkar hazırlıq keçmək üçün müvafiq imkanları olan xəstəxanalar və tədris bazaları olmalıdır ki, burada gələcək mütəxəssislər həm nəzəri, həm də praktiki baxımdan hazırlana bilsinlər.
Təcili tibbi yardım çox vacib sahələrdən biridir və burada peşəkar, praktiki bacarıqlara malik mütəxəssislərin yetişdirilməsi mühüm məsələdir. Bu baxımdan səhiyyə sisteminin tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır. Peşəkar kadrların yetişdirilməsi və onların praktiki hazırlığının gücləndirilməsi təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərməsinə imkan verə bilər".
Zeynəb Mustafazadə