Boşanma artıq yalnız gənclərin problemi deyil: 60 yaşdan sonra ayrılıqlar niyə artır? ARAŞDIRMA
19:43 SosialAzərbaycanda boşanmaların yalnız sayı deyil, yaş strukturu da dəyişir. Son illərin statistikası göstərir ki, ailə münasibətlərinin sona çatması artıq yalnız gənc cütlüklərin problemi deyil. Əksinə, orta və yuxarı yaş qruplarında da boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə 60 yaş və yuxarı şəxslər arasında boşanmaların artması diqqət çəkir. Belə ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ildə bu yaş qrupunda 563 kişi boşanıbsa, 2025-ci ildə onların sayı 838 nəfərə yüksəlib. Qadınlarda da oxşar mənzərə müşahidə olunur. 2021-ci ildə 60 yaş və yuxarı yaş qrupunda boşanan qadınların sayı 293 nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 431 nəfərə çatıb. Beləliklə, beş il ərzində 60 yaşdan yuxarı şəxslər arasında həm kişilərin, həm də qadınların boşanma sayı təxminən 48 faiz artıb.
Mövzu ilə bağlı Olaylar.az-a danışan psixoloq Sibel Piriyeva bildirib ki, illər keçdikcə statistikaların dəyişdiyini və artdığını görürük. Bunun nə üçün artdığını sosioloq tərəfdən sosioloqlar cavablandıra bilər. Amma mən bir psixoloq olaraq sizə belə bir cavab verim. Burada məsələyə yalnız statistik rəqəmlər üzərindən deyil, insanların münasibətlərinə və ailə daxilində yaşanan proseslərə psixoloji aspektdən yanaşmaq lazımdır. Əsas ayrılma səbəbləri nələrdir? İlk növbədə, təbii ki, insanların psixoloji və xarakter uyğunluğu məsələsidir. Bunu bəlkə siz də ətrafınızda müşahidə edə bilərsiniz: bir-birinə uyğun olmayan şəxsiyyət tipləri münasibət qururlar. İnsanların dünyagörüşü, xarakteri, hadisələrə münasibəti, emosiyalarını ifadə etmək forması və bir-birindən gözləntiləri fərqli ola bilər. Bəzən bu fərqlər münasibətin ilk mərhələsində o qədər də ciddi problem kimi görünmür. Münasibətləri o qədər də uğurlu getmədiyi halda bunu evliliklə düzəltməyə çalışırlar. Yəni insanlar düşünə bilirlər ki, evləndikdən sonra münasibətlərində olan problemlər aradan qalxacaq, bir-birlərinə daha çox bağlanacaqlar və mövcud çətinliklər öz-özünə həll olunacaq. Nəticədə isə evlilik, əksinə, mövcud problemləri həll etmir, onları ortaya çıxarır. Çünki evlilik münasibətlərdə əvvəldən mövcud olan problemləri aradan qaldıran vasitə deyil. Əksinə, münasibətdə olan problemlərin daha aydın görünməsinə səbəb ola bilər. Üstü basdırılmış, həll olunmamış problemlər artdıqca bu da boşanma ilə nəticələnir. Əgər insanlar münasibətləri zamanı qarşılaşdıqları problemləri vaxtında müzakirə etmir, onların üzərində işləmirlərsə, həmin problemlər zaman keçdikcə yığılır. Bir müddət sonra isə artıq bir problemdən deyil, bir-birinin üzərinə yığılmış çoxsaylı problemlərdən söhbət gedir. Bu da münasibətlərin getdikcə zəifləməsinə və nəticədə boşanma ilə yekunlaşmasına səbəb ola bilər. İkinci faktor, təbii ki, insanların psixoloji sağlamlığıdır. Çoxları deyə bilər ki, keçmiş zamanda belə bir şey yox idi. Yəni əvvəlki dövrlərdə psixoloji problemlər, emosional çətinliklər və bu kimi məsələlər haqqında indiki qədər danışılmırdı. Amma gəlin etiraf edək ki, 1990-cı illərin yaşatdığı əziyyətlər göz önündədir. Yəni XX əsrdə Azərbaycan tarixində belə çətinliklər görünür ki, bizim millət nə qədər əziyyətlərdən keçib. Bu əziyyətlər həmin dönəmdə öz təsirini göstərməsə də, travmalar fərqli şəkildə özünü göstərib. Bəzən insan yaşadığı çətinliklərin təsirini həmin anda hiss etmir. Lakin müəyyən müddət sonra, xüsusilə də ailə həyatı qurduqda və müxtəlif məsuliyyətlərlə qarşılaşdıqda həmin travmalar fərqli formada üzə çıxa bilər. Ona görə də insanların uşaqlıq dövründən gələn travmalarına mütləq baxmaq lazımdır. Çünki insanın uşaqlıq dövründə gördükləri, yaşadıqları və şahidi olduğu hadisələr onun gələcək münasibətlərinə də təsir göstərə bilər. Məsələn, deyək ki, anası daim söyülür, döyülür və uşaq buna şahid olur. Uşaq həmin vəziyyətdə yaşadığı hadisələri sadəcə müşahidə edən tərəf kimi görünsə də, əslində həmin hadisələr onun düşüncəsində və münasibətlərə baxışında iz buraxa bilər. Böyüdükcə, əlbəttə ki, onun evliliklə bağlı mənfi fikirləri və inancları olacaq.
Psixoloqun sözlərinə görə, digər faktor sosial tərəflə bağlıdır. İqtisadi və maddi durum da çox təsir edir. Ailədə insanların maddi vəziyyəti, gəlirləri, gündəlik ehtiyacları və bu ehtiyacların qarşılanması ilə bağlı problemlər münasibətlərə təsir göstərə bilər. Bəli, hələ ki, kapitalizm dövründə yaşayırıqsa, bu, qaçılmazdır. Bu da cütlüklər arasında problemləri getdikcə daha da artırır. Maddi vəziyyət ailə daxilində birbaşa və ya dolayı şəkildə gərginliyə səbəb ola bilər. İnsanların iqtisadi çətinliklər yaşaması onların gündəlik həyatına, psixoloji vəziyyətinə və bir-birinə münasibətinə də təsir göstərə bilər. Buna görə də boşanmaların səbəblərinə baxarkən sosial və iqtisadi faktorları da nəzərdən qaçırmaq olmaz. Məsələ, bilirsiniz, nədir? Fərqi yoxdur, istər psixoloji, istər iqtisadi, istər fiziki, istərsə də bioloji sağlamlıq problemi olsun - problem həll edilmədikdə getdikcə fərqli problemlərə yol açır. Yəni ilkin mərhələdə ortaya çıxan hər hansı bir problem vaxtında həll edilmədikdə sonradan başqa problemlərin yaranmasına səbəb ola bilər. Bir məsələ digərinə təsir edir və nəticədə münasibətin ümumi vəziyyəti bundan zərər görür. Ona görə də həmin problemlər həll olunmadıqda münasibətdə soyumalar baş verir və münasibət artıq bitmiş olur. İnsanlar bir-birindən emosional olaraq uzaqlaşa, əvvəlki yaxınlığı itirə və münasibətə olan maraqları azala bilər. Bu proses bəzən tədricən baş verir. İnsanlar bir gün ərzində bir-birindən uzaqlaşmırlar. Problemlər həll olunmadıqca, münasibətdə yaranan narazılıqlar və emosional məsafə artdıqca münasibət də tədricən zəifləyir. Yəni heç kim səhər durub "Mən boşanıram" qərarını vermir. Əslində, həmin boşanma proses özü gətirib çıxarır. Boşanma sadəcə olaraq prosesə nöqtə qoyulmasıdır. Yəni bitdi. Burada boşanma son mərhələdir. Ondan əvvəl isə uzun müddət davam edən, həll olunmayan və getdikcə böyüyən problemlər ola bilər.
"Psixoloji olaraq digər bir səbəb isə ünsiyyət azlığıdır. Cütlüklər əgər gün ərzində bir-biri ilə - demirəm ki, çox və fasiləsiz ünsiyyət qursunlar - təbii ki, iş saatlarını nəzərə alaraq, gündəlik həyat rutinlərini diqqətdə saxlayaraq ünsiyyət qurmalı, mövzuları müzakirə etməlidirlər. Burada söhbət gün ərzində bütün vaxtı birlikdə keçirməkdən və fasiləsiz danışmaqdan getmir. İnsanların işi, gündəlik həyatı, şəxsi vaxtı və digər məsuliyyətləri var. Amma buna baxmayaraq, cütlüklərin bir-biri ilə ünsiyyət qurması, gün ərzində baş verənlər barədə danışması, öz hisslərini və düşüncələrini bölüşməsi münasibət baxımından əhəmiyyətlidir. Amma fikir verin, emosional bağı zəif olan ailələrdə ünsiyyət azlığı da müşahidə olunur. İnsanlar eyni evdə yaşaya, gündəlik həyatlarını birlikdə davam etdirə bilərlər, amma emosional baxımdan bir-birindən uzaq ola bilərlər. Bu halda fiziki olaraq birlikdə olmaq münasibətin sağlam olması demək deyil. Emosional bağ zəiflədikcə ünsiyyət də azala bilər və ünsiyyətin azalması öz növbəsində münasibətdəki məsafəni daha da artıra bilər. Digər bir səbəb də məsuliyyətdən qaçmaqdır. Hər iki tərəfdə - istər kişi, istər qadın olsun - biri məsuliyyətdən boyun qaçırırsa, artıq digər tərəfin qəzəbinə səbəb olur və bu, münasibəti də sarsıda bilir. Ailə münasibətində məsuliyyət yalnız bir tərəfin üzərinə düşməməlidir. Əgər tərəflərdən biri öz üzərinə düşən məsuliyyəti yerinə yetirməkdən yayınırsa, digər tərəf müəyyən müddətdən sonra özünü tək və dəstəksiz hiss edə bilər. Bu statistikaya əlavə olaraq onu bildirmək istəyirəm ki, bilmirəm, görürsünüz, yoxsa yox, amma əvvəlki dövrlərdə təzə ana olan qadınlarda depressiya, daha sonra isə özünü günahlandırma halları müşahidə olunurdu. Yeni ana olan qadının üzərinə bir anda çoxsaylı məsuliyyətlər düşür. Uşağın qayğısı, gündəlik həyat, ailə münasibətləri və digər məsələlər qadının psixoloji vəziyyətinə təsir göstərə bilər. Sosial şəbəkələrdə xarici vətəndaşlarda da görürəm ki, ana artıq uşaq ağlasa belə reaksiya vermir, özü də oturub ağlayır, heç nə demək istəmir. Çünki emosional tükənmə sindromu yaşayır. Bu vəziyyətdə insanın öz emosiyalarını idarə etməsi və gündəlik həyatın tələblərinə cavab verməsi də çətinləşə bilər. Bu hallar, təbii ki, gündəlik həyatımızın həddindən artıq stresli olması, qarşı tərəfin bunu anlamaması və məsuliyyətdən boyun qaçırması ilə bağlıdır. Yəni bir tərəfdə gündəlik həyatın yaratdığı stress, digər tərəfdə isə qarşı tərəfdən lazımi anlayışın və dəstəyin olmaması olduqda problemlər daha da dərinləşə bilər. Nəticədə biz yenə eyni məsələyə gəlib çıxırıq: münasibətdə yaranan problemlərin vaxtında görülməsi və həll olunması vacibdir. İstər insanların psixoloji və xarakter uyğunluğu, istər psixoloji sağlamlıq və keçmiş travmalar, istər iqtisadi və maddi vəziyyət, istər ünsiyyət azlığı, istərsə də məsuliyyətdən qaçmaq olsun, bütün bu faktorlar münasibətə təsir göstərə bilər. Problemlər vaxtında həll edilmədikdə isə onlar getdikcə böyüyür və münasibətdə soyumaya, emosional uzaqlaşmaya və nəticə etibarilə boşanmaya gətirib çıxara bilir", - deyə S. Piriyeva vurğulayıb.
Psixoloq Dilruba Həsənova isə bildirib ki, uzun illərdən sonra baş verən ayrılıqları yalnız "ailə dağıldı" kimi qiymətləndirmək doğru deyil. Çünki bəzi münasibətlər hüquqi olaraq illərlə davam etsə də, emosional olaraq çox daha əvvəl bitmiş olur. İnsan bəzən gənc yaşlarında ailə qurarkən öz seçimindən çox, ailəsinin, cəmiyyətin, adətlərin və sosial gözləntilərin təsiri altında qərar verir. "Ailə qurmaq lazımdır", "uşaqlar üçün dözmək lazımdır", "el nə deyər?", "bu yaşda boşanmaq olmaz" kimi düşüncələr insanın şəxsi ehtiyaclarını uzun illər ikinci plana keçirə bilir. Xüsusilə ənənəvi geniş ailə modelində nikah yalnız iki insanın münasibəti deyildi. Ailə böyüklərinin, ağsaqqalların, qohumların və ümumi sosial mühitin münasibət üzərində ciddi təsiri var idi. Bu sosial nəzarət bəzən ailəni qoruyurdu, amma bəzən də insanın öz həyatına dair qərar vermək imkanını məhdudlaşdırırdı. Zaman keçdikcə isə insan dəyişir. İyirmi yaşında qəbul etdiyin həyatla yaş çoxaldıqca, yaşanmışlıqlar artdıqca istədiyin həyat eyni olmaya bilər. İnsan yaşadıqca özünü daha yaxşı tanıyır, nəyə ehtiyacı olduğunu, nəyə dözə bilmədiyini və hansı münasibətdə özünü itirdiyini daha aydın görür. Bəzən övladlar böyüyür və illərlə ailəni bir yerdə saxlayan əsas səbəb aradan qalxır. Bəzən iqtisadi asılılıq azalır. Bəzən insan artıq valideynlərinin və qohumlarının fikrindən əvvəlki qədər asılı olmur. Bəzən isə sadəcə həyatın məhdud olduğunu daha dərindən hiss edir. Və insan bəzən özüne verdiyi sualla həyatında hər şey alt üst olur. Bu fərqindəlik yaradır. "Mən bu həyatı həqiqətən öz seçimlərimlə yaşamışam?"
Psixoloqun fikrincə, uzunmüddətli nikahların dağılmasının səbəblərindən biri də illərlə yığılan emosional borclardır. Deyilməyən sözlər, bağışlanmayan incikliklər, qarşılanmayan ehtiyaclar, görünməyən fədakarlıqlar, emosional və fiziki uzaqlaşma zamanla münasibətin içində görünməz bir divar yaradır. İnsan uzun müddət dözə bilər. Amma dözmək həmişə münasibətin sağlam olması demək deyil. Bəzən insan ailəni qorumaq üçün özünü qorumağı dayandırır, fədakarlıq edir. Qurban olaraq həyatını yaşayır bu insanı mənəvi tükəndirir. Digər tərəfdən, insanın psixoloji inkişafı da münasibətə baxışını dəyişir. Əvvəllər "mənə xəyanət etmir, deməli yaxşı həyat yoldaşıdır" kifayət edə bilərdi. Sonralar insan emosional yaxınlıq, hörmət, anlaşılmaq, təhlükəsizlik və şəxsi sərhədlər kimi daha mürəkkəb ehtiyaclarını dərk etməyə başlayır. Yəni insanın münasibətdən gözləntisi dəyişir. Sadəcə birlikdə olmaq artıq birlikdə yaşamaq demək olmur. Məncə, müasir insanın fərdiləşməsi də burada mühüm rol oynayır. İnsan artıq yalnız "ailənin bir üzvü" kimi deyil, ayrıca bir şəxsiyyət kimi öz həyatını düşünmək istəyir. Özünüreallaşdırma, şəxsi azadlıq, psixoloji rahatlıq və həyat keyfiyyəti daha çox əhəmiyyət qazanır. Bu səbəbdən bəzi insanlar 60 yaşında boşananda əslində 60 yaşında ayrılmırlar. Onlar bəlkə də 20 il əvvəl emosional olaraq bitmiş bir münasibətin rəsmi sonunu yalnız həmin yaşda gətirirlər. Mən bunu həmişə ailənin dağılması kimi görmürəm. Bəzən bu, insanın illərlə başqalarının gözləntiləri ilə yaşadıqdan sonra ilk dəfə öz həyatına sahib çıxmasıdır. Amma burada bir paradoks da var: İnsan bəzən ailəsini qorumaq üçün illərlə özünü itirir, sonra özünü tapmaq üçüncü ailəsindən ayrılır. Bəlkə də uzun illərdən sonra verilən ən ağır qərar "səni artıq sevmirəm" demək deyil. "Bu münasibətin içində artıq özümü itirmişəm" deməkdir. Bu fərqindəlik insanın tükənməsidir və bu hal insan həyatında ağır bir dönəmdir.
Səidə Ramazanova