Süni intellektin tətbiqi Azərbaycan üçün misilsiz fürsətlər formalaşdırır
13:29 Sosialİstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Dünyada süni intellektin sürətli inkişafı dövlət idarəçiliyinin bütün sahələrinə nüfuz etməkdədir. Etiraf edilməlidir ki, artıq iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələri süni intellektsiz təsəvvür etmək qeri-mümkündür. Çünki, süni intellektin tətbiqi bütün sahələr üzrə yeni imkanlar formalaşdırır ki, həmin imkanlardan səmərəli istifadəyə ehtiyac yaranır. Məhz bu səbəbdən bir çox ölkələr süni intellekt üzrə milli strategiyalarını qəbul edərək qlobal rəqabətdə üstün mövqe əldə etməyə çalışırlar. Azərbaycan da bu qlobal prosesin önündə irəliləyən dövlətlər sırasındadır. Xatırladaq ki, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə ölkəmizdə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib. Dövlət başçısının "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 27 fevral 2026-cı il tarixli sərəncamı əsasında isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın təşkilində məqsəd ölkəmizdə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, Azərbaycan müasir telekammunikasiya alətlərinin tətbiqi məqsədilə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir - Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilib. Bu, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.
Bu gün Azərbaycan hökuməti qarşısında duran əsas strareji hədəflərdən biri ölkəmizdə süni intellekt ekosisteminin formalaşdırılması, rəqəmsal transformasiyanın sürətləndirilməsi və innovativ iqtisadiyyatın inkişaf etdirilməsidir. Bu istiqamətdə atılan ardıcıl addımlar Azərbaycanın gələcək iqtisadi modelini müəyyən edən strateji prosesdir. Azərbaycan üçün süni intellekt texnoloji yenilikdən daha çox, milli rəqabət qabiliyyətinin artırılması vasitəsidir. Bu istiqamətdə müəyyən edilmiş strategiyada dövlət idarəçiliyi, iqtisadiyyat, sosial sahə, müdafiə, təhlükəsizlik və təhsil kimi istiqamətlərdə süni intellektin tətbiqi prioritet kimi müəyyən edilir. Xüsusilə dövlət xidmətlərinin daha operativ və şəffaf göstərilməsi, qərarvermə proseslərinin optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması baxımından bu texnologiyalar böyük imkanlar yaradır.
Yeri gəlmişkən xatırladaq ki, Bakıda keçirilən WTDC-25 konfransında qəbul edilən Bakı Fəaliyyət Planı (Baku Action Plan) adlanan rəqəmsal inkişaf üçün qlobal yol xəritəsi (2026-2029) qlobal miqyasda rəqəmsal uçurumu aradan qaldırmağı və insan mərkəzli rəqəmsal inkişafı təmin etməyi hədəfləyir. Bu dördillik sənəd qlobal telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarının (İKT) gələcək prioritetlərini müəyyən edir. Yol xəritəsinin əhatə etdiyi əsas istiqamətlərində dünyada hələ də internetə çıxışı olmayan təxminən 2.2 milyard insanın şəbəkəyə qoşulması hədəflənir. İnternetin hər kəs üçün universal, faydalı və maliyyə baxımından əlçatan olması əsas prioritetdir. İnkişaf etməkdə olan ölkələrin, rəqəmsal xidmətlərə çıxışı məhdud olan icmaların, həmçinin Ən Az İnkişaf Etmiş Ölkələr (LDCs), Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr (LLDCs) və Kiçik Ada Dövlətlərinin (SIDS) rəqəmsal ehtiyaclarının qarşılanması ön plana çəkilir. Müxtəlif regionların rəqəmsal transformasiyasını sürətləndirmək üçün xüsusi strateji çərçivələr (məsələn, "Ağıllı kənd və ada" layihələri) və yeni regional təşəbbüslər təsdiq edilib. Kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellekt (AI) texnologiyalarının tətbiqi və əhalinin rəqəmsal savadlılığının artırılması yol xəritəsində mühüm yer tutur.
Nəzərə alaq ki, Azərbaycan üçün də data iqtisadiyyatına keçid strateji əhəmiyyət daşıyır. Neft və qaz resursları ölkənin iqtisadi inkişafında mühüm rol oynasa da, gələcəyin rəqabəti rəqəmsal texnologiyalar üzərində qurulacaq. Süni intellekt, bulud texnologiyaları, açıq məlumat bazaları və rəqəmsal dövlət xidmətləri bu keçidin əsas elementləridir. Bu gün ölkəmizdə süni intellekt sahəsində görülən işlər məhz yeni rəqəmsal iqtisadi modelə keçidin göstəriciləridir. Dünya sürətlə dəyişir və yeni dövrün əsas sərvəti artıq serverlərdə, məlumat mərkəzlərində və rəqəmsal platformalarda formalaşır. Bu reallıq uzun illər ərzində neft-qaz ölkəsi kimi tanınmış Azərbaycan üçün də yeni imkanlar, misilsiz fürsətlər formalaşdırır. Ölkəmiz üçün bununla yeni bir inkişaf erası başlanır. Onu da qeyd edək ki, ölkdə süni intellektin inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə "Hökumət bulud" konsepsiyası təsdiq edilib. Bununla yanaşı, gələcəkdə beynəlxalq bulud xidmətləri provayderlərinin Azərbaycanda fəaliyyət göstərməsi istiqamətində də müəyyən addımlar atılır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap edilmişdir.