Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb
10:06 SosialBakıda ilk Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu öz işinə başlayıb.
Tədbir Azərbaycan Respublikasının Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutur.
"Building Trust Through Media in a Polarized World" ("Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması") mövzusuna həsr olunan forum AQEM-ə üzv dövlətlərin hökumət nümayəndələrini, media və kommunikasiya sahəsinə məsul dövlət qurumlarının rəhbərlərini, media menecerlərini və digər mütəxəssisləri bir araya gətirir.
Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsinin aparılması və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma kimi nəzərdə tutulub.
Tədbirin diqqət mərkəzində müasir medianın dəqiq, etibarlı və qərəzsiz məlumat təqdim etmək məsuliyyəti dayanır. Süni intellektin və sosial media platformalarının informasiya məkanına təsirinin sürətlə artdığı bir şəraitdə medianın etimadın formalaşdırılmasında rolu, həmçinin informasiya mühitində qarşıya çıxan çağırışların müzakirəsi forumun əsas istiqamətlərindəndir.
Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kairat Sarıbay və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun çıxışı nəzərdə tutulub.
Forumun panel müzakirələrində medianın sosial həmrəyliyin möhkəmləndirilməsi, müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqi və cəmiyyətdə qarşılıqlı etimadın formalaşdırılmasına töhfəsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək.