Universitetdə müəllim seçimi: hüquqi və etik məsuliyyət məsələsi- ÖZƏL
12:23 Sosial"Universitetlərdə tədris prosesinə cəlb olunan şəxslərin müəyyənləşdirilməsi yalnız onların peşəkar və akademik bilikləri ilə bağlı məsələ deyil. Bu seçim eyni zamanda akademik etika, tələbələrin hüquqları, universitetin nüfuzu və ictimai etimad baxımından da qiymətləndirilməlidir". Bunu "Olaylar"a aıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Xüsusilə barəsində dövlət əmlakının mənimsənilməsi, vəzifədən sui-istifadə və ya digər hüquqazidd əməllərlə bağlı məlumatlar, ittihamlar və ya araşdırmalar mövcud olan şəxslərin tədris prosesinə cəlb edilməsi məsələsində hüquqi statusun dəqiq müəyyənləşdirilməsi vacibdir.
Burada mühüm hüquqi prinsip ondan ibarətdir ki, şəxsin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməyənədək həmin şəxs təqsirli hesab edilə bilməz. Buna görə də hər hansı şəxsin cinayət törətmiş şəxs kimi təqdim edilməsi yalnız müvafiq hüquqi əsas olduqda mümkündür.
Lakin bununla yanaşı, universitetin həmin şəxsi tədrisə cəlb edib-etməməsi məsələsi yalnız cinayət məsuliyyəti kontekstində qiymətləndirilməməlidir. Ali təhsil müəssisəsinin daxili qaydaları, əmək və akademik etika standartları, maraqlar toqquşmasının qarşısının alınması, universitetin reputasiyası və tələbələrin təhsil mühitinə dair qanuni gözləntiləri də nəzərə alınmalıdır.
Burada əsas sual belə qoyula bilər: Tələbələrin qarşısına müəllim kimi çıxarılan şəxsin peşəkar və etik nümunə təşkil edib-etmədiyini universitet hansı meyarlarla müəyyənləşdirir?
Əgər şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddursa, bu faktın universitet tərəfindən müvafiq hüquqi və etik meyarlar əsasında nəzərə alınması ayrıca qiymətləndirilməlidir. Bununla belə, universitet öz daxili prosedurları çərçivəsində belə bir vəziyyətin akademik mühitə və institusional nüfuza mümkün təsirlərini qiymətləndirə bilər.
Tələbə auditoriyada yalnız nəzəri bilik əldə etmir. O, eyni zamanda müəllimin peşəkar davranışını, etik prinsiplərə münasibətini və ictimai məsuliyyət anlayışını müşahidə edir. Buna görə də müəllim seçimi zamanı elmi və peşəkar səriştə ilə yanaşı, akademik etika və institusional məsuliyyət meyarlarının da nəzərə alınması mühüm əhəmiyyət daşıyır.
Universitet rəhbərliyinin qarşısında buna görə legitim bir sual dayanır: Tələbələrə dürüstlük, qanuna hörmət, ictimai məsuliyyət və peşə etikası öyrədilirsə, bu prinsiplərin tədris prosesinə cəlb olunan şəxslərin seçimində hansı meyarlarla təmin edildiyi ictimaiyyətə və tələbələrə izah edilə bilərmi?
Bu sualın qoyulması hər hansı şəxsin təqsirli elan edilməsi deyil. Əksinə, hüquqi prezumpsiyalara hörmət etməklə universitetin akademik və etik məsuliyyətinin müzakirəyə çıxarılmasıdır".