Milli Qəhrəmanın oğlu təhsil haqqını ödəyə bilmir – QHT sədrindən təklif

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin ailəsinin övladının təhsil haqqını ödəməkdə çətinlik çəkməsi bir daha mühüm məsələnin aktuallığını gündəmə gətirir. Şəhid ailələri, qazilər və Milli qəhrəman ailələrinin sosial təminatı daha da gücləndirilməli, onların təhsil, səhiyyə və digər sosial ehtiyacları üzrə güzəştlər genişləndirilməlidir. 

Vətən qarşısında böyük fədakarlıq göstərmiş insanların ailələrinin belə problemlərlə üz-üzə qalmaması üçün dövlət və cəmiyyət səviyyəsində davamlı dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Xüsusilə şəhid və Milli qəhrəman övladlarının təhsil imkanlarının genişləndirilməsi onların gələcəyinə verilən ən dəyərli töhfələrdən biri ola bilər. Bu ailələrə göstərilən diqqət və qayğı həm də Vətən uğrunda fədakarlığın cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Qeyd edək ki, Milli qəhrəmanı Vahid Quliyev Herbiand.az-açıqlamasında üzləşdiyi problemlə bağlı məlumat verib: "Pandemiya dövründə Prezident İlham Əliyev göstəriş verdi ki, az təminatlı ailələrə köməklik göstərin. O zaman mən də Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət elədim. Elm və Təhsil Nazirliyinə göstəriş verildi ki, bu adama kömək edin.  O zaman iki oğlum oxuyurdu ali məktəbdə. Nazir müavini Firudin müəllimə göstəriş verib. Firudin müəllim də universitetə zəng edib. Rektor da universitetin Həmkarlar İttifaqının sədrinə göstəriş verib ki, Quluzadə Murad Vahid oğlunun təhsil haqqının ödənməsinə köməklik göstərin. Və beləliklə də Həmkarlar İttifaqının sədri  o vaxtı məsələni üzərinə götürüb. Bu qurum da bir müddət keçəndən sonra təhsil haqqının 1000 manatını ödəyib, qalanını demək, ödəməyib. Oğlum universiteti bitridi, hərbi xidmətə yollandı. Hərbi xidmətdən qayıdandan sonra gedib müraciət elədi ki, diplomunu alsın. Dedilər ki, sən təhsil haqqını ödəməlisən, ondan sonra biz sənə diplom verməliyik. 

Məlumat verildi ki, bəs 4 mindən çox təhsil haqqı ödənilməlidir. Yenidən zəng elədim Firudin müəllimə. O da rektora zəng elədi. Rektor Həmkarlar İttifaqının sədrini çağırdı. Ona göstəriş verildi ki, məsələni həll eləsin. O da söz verdi ki, həll edəcəyik. Məsələ də həll olunmur. İndi heç Həmkarlar İttifaqının sədrini tapa bilmirəm. Bax, məsələ bu yerdə də qalıb".

Məsələyə münasibət bildirən Hərbi Yönümlü Təşkilatlar İttifaqının və "Qardaşlığımız Əbədidir" QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Herbiand.az-a açıqlamasında məsələdən məlumatlı olduğunu bildirib. O, Milli Qəhrəman Vahid quliyevin övladının təhsil haqqının ödənilməsi ilə bağlı yaranmış çətinliyi haqlı narahatlıq kimi qiymətləndirib. Onun sözlərinə görə, son illər şəhid ailələrinin, qazilərin və Milli qəhrəman ailələrinin sosial təminatı daha da gücləndirilib, onların təhsil, səhiyyə və digər sosial ehtiyacları ilə bağlı güzəştlər genişləndirilib. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısı daha da artırılıb, onların qarşılaşdıqları problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Bununla belə həssas təbəqə olan şəhid ailələri, qazilər və Milli qəhrəman ailələri dövlətin sosial dəstək və güzəşt mexanizmləri ilə daha geniş əhatə olunmalıdır. Onun sözlərinə görə, bu kateqoriyadan olan insanların qarşılaşdığı problemlərin operativ həlli üçün ayrıca dövlət qurumunun və ya ixtisaslaşmış mexanizmin yaradılması məqsədəuyğun olardı. 
"Vətən uğrunda canından keçən və qəhrəmanlıq göstərən insanların ailələri sosial problemlərlə üz-üzə qalmamalıdır", - deyə o vurğulayıb. 

Emin Həsənli hesab edir ki, Milli Qəhrəmanların övladlarının təhsil hüquqlarına xüsusi diqqət yetirilməli və onların təhsil haqqı ilə bağlı güzəştlər genişləndirilməlidir:

"Sosial siyasətdə müxtəlif imtiyazların tətbiqi zamanı Vətən qarşısında xüsusi xidmətləri olan ailələrin də ehtiyacları nəzərə alınmalıdır. 

Necə olur ki, məcburi köçkün ailələrinin müəyyən kateqoriyası təhsil haqqından azad edilir, amma Milli qəhrəman ailələri bu imkanlardan eyni şəkildə yararlana bilmir? Şəhid ailələri və müharibə əlilləri üçün güzəştlər nəzərdə tutulur, hətta bu güzəştlər özəl universitetlərdə də tətbiq edilir. Lakin müharibə veteranları üçün belə bir güzəşt mexanizmi mövcud deyil. Qardaş Türkiyədə şəhid ailələri və şəhid övladları üçün tətbiq olunan sosial güzəştlərin ifadə olunmasında çox təsirli və duyğusal bir yanaşma var: "Onların haqqını ataları ödəyib." Bu ifadə sadəcə bir güzəşti deyil, şəhid ailələrinə dövlət və cəmiyyətin münasibətini əks etdirən mənəvi yanaşmanı ifadə edir. 

Vətən uğrunda canından keçənlərin ailələrinə edilən güzəşt sadəcə imtiyaz deyil, həmin fədakarlığa göstərilən ehtiramın ifadəsidir. Bu yanaşmanın Azərbaycanda da sosial siyasət və qanunvericilik baxımından daha geniş müzakirə olunması şəhid və qəhrəman ailələrinin üzləşdiyi bir sıra problemlərin həllinə töhfə verə bilər. 

Bu məsələyə hüquqi və sosial baxımdan yenidən baxılması, mövcud mexanizmlərin təkmilləşdirilməsi vacibdir. Şəhid ailələrinə, qazilərə və Milli qəhrəman ailələrinə göstərilən dövlət qayğısı yalnız maddi yardımla məhdudlaşmamalı, onların təhsil, məşğulluq, səhiyyə və digər sosial ehtiyaclarını da əhatə etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31