ÇİN SÜLALƏLƏRİNİN SANDIQLARI: SƏTHLƏRDƏ YAŞAYAN ZAMAN
15:00 Sosialİsgəndər Sərdarlı
Araşdırmaçı tətbiqi sənət ustası
Müəllifdən...
"Dünya Sandıqları" silsiləsinin məqsədi dünyanın məşhur sandıqlarını yalnız tarixi nümunə kimi tanıtmaq deyil. Bu yazılarda hər bir sandığın indiyədək formalaşmış hekayəsinə yenidən baxmağa, məlum faktlarla rəvayətləri ayırmağa, onun daşıdığı mədəni mənanı üzə çıxarmağa və bəzən cavabdan daha vacib olan yeni suallar qoymağa çalışacağıq.
Çünki bəzi sandıqların tarixini yalnız onların içində nə saxladığı ilə deyil, insanlığın onların haqqında minilliklər ərzində nə saxladığı ilə də anlamaq mümkündür.
Çin sandığının qapısını açarkən
Bir sivilizasiyanın tarixini onun saraylarından, məbədlərindən və kitablarından başqa, sandıqlarından da oxumaq mümkündürmü?

Çin nümunəsində bu suala cavab axtarmaq xüsusilə maraqlıdır. Çünki əsrlər boyu hazırlanmış sandıq və qutular burada yalnız müxtəlif dəyərlərin qorunduğu məkan olmayıb. Onların materialı, forması, hazırlanma texnikası, üzərindəki təsvirlər və yazılar müxtəlif dövrlərin estetik zövqü, dini təsəvvürləri, sosial münasibətləri və hakimiyyət anlayışı haqqında məlumat daşıyır.
Çin tarixində sülalələr dəyişib, saraylar və hökmdarlar bir-birini əvəz edib. Lakin insanın qiymətli hesab etdiyi şeyi qorumaq ehtiyacı dəyişməyib. Bu ehtiyac müxtəlif dövrlərdə fərqli formalara, materiallara və bədii dillərə çevrilib.
Buna görə Çin sandığına yalnız qapalı bir saxlama qabı kimi baxmaq kifayət deyil.
Onun qapağı açılmamışdan əvvəl də bizə çox şey danışa bilər.
Bəzən onun üzərindəki bir əjdaha imperator hakimiyyətini, bir pion çiçəyi şərəf və sərvət anlayışlarını, bitki ornamentləri təbiətlə bağlı təsəvvürləri, yazı isə sandığın öz tarixini xəbər verir. Bəzən isə sandığın içərisində qorunan müqəddəs mətn və ya sənəd onun səthindəki təsvirlə birlikdə daha böyük bir hekayənin hissəsinə çevrilir.
Beləliklə, qarşıya başqa bir sual çıxır:
Çin sandıqlarının səthinə baxaraq bütöv bir dövrün mədəni yaddaşını oxumaq mümkündürmü?
Bu məqalədə müxtəlif sülalə dövrlərinə aid bir neçə sandığın izi ilə həmin suala cavab axtaracağıq.
Çünki bəzən tarix kitabda yazılmır.
Bəzən tarix ağacın, lakın, rəngin, oyma naxışın və kiçik bir sandığın səthində yaşayır.
Sülalələr dəyişdi, sandıq danışmağa davam etdi
Çin sandıqlarının tarixini yalnız onların formasında və hazırlanma texnikasında axtarmaq kifayət deyil. Bu tarix həm də hakimiyyətlərin dəyişməsi, saray mədəniyyətinin inkişafı, dini təsəvvürlərin və insanın qorumaq istədiyi dəyərlərin müxtəlifləşməsi ilə bağlıdır.
Çində lak sənətinin çox qədim ənənəsi vardı. Xüsusilə oyma qırmızı lak sənəti Min sülaləsinin erkən dövründə yüksək texniki və bədii səviyyəyə çatmışdı. [3]
Lakin burada bizi daha çox başqa bir məsələ maraqlandırır.
Sülalə dəyişəndə sandıq nəyi dəyişirdi?
Bəzən onun forması, bəzən texnikası, bəzən istifadə məqsədi, bəzən isə səthində danışan simvollar.
Beləliklə, sandıq öz dövrünün kiçik, lakin zəngin mədəni sənədinə çevrilirdi.
Erkən Min dövründə, xüsusilə XV əsrin əvvəllərində imperator emalatxanalarında hazırlanmış oyma qırmızı lak nümunələri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. [3]
Bu sandıqlara baxarkən artıq yalnız "nə saxlanılırdı?" sualını vermək kifayət etmir.
Kim üçün hazırlanmışdı?
Nəyi qoruyurdu?
Niyə məhz bu təsvirlərlə bəzədilmişdi?
Və ən əsası - səthindəki təsvir gələcək nəsillərə nə deyirdi?
Bu sualların cavabını konkret nümunələr üzərində axtarmaq daha doğru olar.
Çünki bəzən bir sandığın tarixi onun içərisində deyil, üzərində başlayır.
Təxminən 650 il əvvəl: sənətkarın izi
XIV əsrin ikinci yarısı - Yang Mao adı ilə əlaqələndirilən lak sandığı
Yaranma tarixi: XIV əsrin ikinci yarısı
Yaşı: təxminən 650 il
Dövr: Yuan sülaləsinin sonu - erkən Min dövrü
Mədəniyyət: Çin
Materialı: oyma qırmızı və qara lak
Ölçüləri: hündürlüyü 14,6 sm, diametri 33,2 sm
Hazırda saxlanıldığı yer: The Metropolitan Museum of Art, Nyu-York [1]
Bu nümunəni digər sandıqlardan fərqləndirən ən mühüm xüsusiyyət onun alt hissəsində həkk olunmuş bir addır: Yang Mao.

XIV əsrdə fəaliyyət göstərmiş Yang Mao Çin lak sənəti tarixinin tanınmış ustalarından biri hesab olunur. Lakin burada mühüm bir elmi dəqiqlik var: üzərində Yang Maonun adı olsa da, bu sandığın məhz onun öz əli ilə hazırlandığını təsdiqləyən arxiv sənədi mövcud deyil. Muzey əsərin yüksək oyma keyfiyyətinə və bədii xüsusiyyətlərinə əsaslanaraq onun Yang Maonun yaşadığı dövrdə, hətta mümkün olaraq onun özü tərəfindən yaradıldığını ehtimal edir. [1]
Sandığın səthindəki ornament sənət tarixində pommel scroll (qılınc dəstəyi formalı burma ornament) adı ilə tanınır. Bu ad motivin Çin qılıncının dəstəyinə bənzəməsindən yaranıb. Bu tip ornament lak, keramika və metal sənətində XIII-XIV əsrlərdə geniş yayılmışdı. [6]
Lakin bu sandığın bizim araşdırmamız üçün əsas dəyəri yalnız onun yaşı və ya lak üzərindəki mürəkkəb oyma texnikası ilə bağlı deyil.
Onun altındakı ad bizi daha qədim və daha insani bir sualla üz-üzə qoyur:
Bir sənətkarın adı əsərdən ayrıldıqdan əsrlər sonra belə onunla birlikdə yaşaya bilərmi?
Yang Mao bəlkə də bu konkret sandığı özü yaradıb, bəlkə də onun adı və sənət ənənəsi həmin dövrün başqa bir ustası tərəfindən yaşadılıb. Lakin təxminən altı əsr yarım sonra onun adı hələ də həmin sənət nümunəsinin tarixini oxuyan insanın qarşısına çıxır.
Burada sandıq artıq yalnız dəyəri qoruyan bir qab deyil.
O, həm də insan izini qoruyur.
Bəlkə də bu, zamanın tətbiqi sənətə verdiyi ən maraqlı xüsusiyyətlərdən biridir: əsərin müəllifi unudula, həyatı haqqında çox az məlumat qala bilər, lakin onun adı və ya yaratdığı sənət dili əsrləri keçərək gələcək nəsillərə çata bilər.
Və beləliklə, Çin sülalələrinin sandıqları ilə səyahətimiz ilk olaraq bir hökmdarın və ya sarayın deyil, sənətkarın izi ilə başlayır.
Altı əsr əvvəl: müqəddəs sözün sandığı
1403-1424-cü illər - əjdahalar arasında sutra sandığı
Yaranma tarixi: 1403-1424-cü illər
Yaşı: təxminən 602-623 il
Dövr: Min sülaləsi, Yongle dövrü
Mədəniyyət: Çin
Materialı: qırmızı lak, oyma işləmə, qızıl işləmə, naxışlı mis qıfıl və açar
Ölçüləri: hündürlüyü 14 sm, eni 12,7 sm, uzunluğu 40,6 sm
Funksiyası: buddist sutralarının - müqəddəs mətnlərin - saxlanması
Hazırda saxlanıldığı yer: The Metropolitan Museum of Art, Nyu-York [2]
Bu sandıq təxminən altı əsr əvvəl, Min sülaləsinin Yongle imperatorunun hakimiyyəti dövründə hazırlanıb. Onu digər nümunələrdən fərqləndirən əsas cəhət yalnız yüksək sənətkarlıqla işlənmiş səthi deyil, qorumaq üçün yaradıldığı mənəvi sərvətdir.
Sandıq buddist mətnlərinin Çin əl yazması formasında saxlanması üçün hazırlanmışdı. Onun səthində buludlar arasında hərəkət edən, beş caynaqlı qızılı əjdahalar təsvir olunub. Bu əjdahalar Çin mədəniyyətində təsadüfi bəzək deyildi. Beş caynaqlı əjdaha imperator hakimiyyətinin simvollarından biri idi. Beləliklə, bu sandığın üzərində müqəddəs sözlə hakimiyyətin vizual dili qarşılaşır. [2]
Sandığın hazırlanmasında qiangjin (qızıl işləməli oyma) üsulundan istifadə olunub: lak səthinə həkk edilən naxışların içərisi qızıl və ya qızıl tozu ilə doldurulurdu. Muzey bu texnika ilə hazırlanmış Yongle dövrü lak nümunələrinin nadir olduğunu qeyd edir. Sandığın metal qıfılı və açarının günümüzədək qorunub saxlanması da diqqətəlayiqdir. [2]
Bu tip sutra sandıqları imperator sarayında istifadə olunmaqla yanaşı, diplomatik hədiyyə kimi də təqdim edilirdi; xüsusilə Tibetə göndərilən sutra sandıqları məlumdur. [2]
Lakin bu sandığın hekayəsi yalnız onun içində saxlanan sutralarla bitmir.
Burada "Dünya Sandıqları" silsiləsinin əvvəlki araşdırmaları ilə maraqlı bir mənəvi bağ yaranır.
Əhd sandığında qorunan müqəddəs əmanət, Tutanxamonun dəfn dünyasında qorunan əbədiyyətə yönəlmiş inam və mesajlar, bu Çin sandığında isə müqəddəs söz insanın zamanın ixtiyarına buraxmaq istəmədiyi dəyərləri göstərir.
Fərqli coğrafiyalar, fərqli mədəniyyətlər, fərqli əsrlər...
Amma eyni insan ehtiyacı:
Qiymətli hesab etdiyini qorumaq.
Bəlkə də buna görə bu sandığın altı əsrlik hekayəsinə yalnız lak, qızıl və əjdahalar vasitəsilə baxmaq kifayət deyil.
Çünki onun içində qorunan şey sadəcə bir yazı deyildi.
Orada söz qorunurdu. Söz isə bəzən insanın gələcəyə göndərdiyi ən qiymətli əmanətdir.
Sandığın üzərində yazılmış tarix
XV əsrin əvvəli - pion və mövsümi çiçəklərlə bəzədilmiş imperator sandığı
Yaranma tarixi: XV əsrin əvvəli
Yaşı: təxminən 600 il
Dövr: Min sülaləsi, Yongle hakimiyyəti
Mədəniyyət: Çin
Materialı: oyma qırmızı lak
Ölçüləri: hündürlüyü 6,4 sm, diametri 15,9 sm
Hazırda saxlanıldığı yer: The Metropolitan Museum of Art, Nyu-York [3]
Bu kiçik ölçülü, lakin yüksək sənətkarlıqla hazırlanmış sandığın xüsusi cəhəti odur ki, onun tarixi yalnız sənətşünasların üslub təhlili ilə müəyyən edilmir. Sandığın alt hissəsində həkk olunmuş altı heroqlifli yazı onun Böyük Min sülaləsinin Yongle hakimiyyəti dövründə hazırlandığını bildirir. Muzey bu nişanı nümunənin imperator emalatxanasında saray üçün istehsal edildiyini göstərən mühüm göstərici kimi təqdim edir. [3]
Lakin sandığın tarixini yalnız həmin yazı danışmır. Onun səthi də özünəməxsus bir zaman dilidir.
Qapağın mərkəzində ağac pionları - Çin mədəniyyətində şərəf və sərvətlə əlaqələndirilən çiçəklər - təsvir olunub. Yan hissələrində isə kameliya, xrizantema və nar motivləri yerləşdirilib. [3]
Burada maraqlı bir məqam ortaya çıxır: imperator sandığının üzərində zaman iki formada yaşayır.
Birincisi, onun altındakı yazıda - Yongle hakimiyyəti dövrünün konkret tarixi kimi.
İkincisi isə səthindəki bitki təsvirlərində - təbiətin və həyatın davamlılığını xatırladan bədii dil kimi.
Deməli, sandıq yalnız özünün nə vaxt yaradıldığını bildirmir. O, zamanın və təbiətin insan düşüncəsində necə təsvir edildiyini də göstərir.
Bu baxımdan, təxminən altı əsr əvvəl hazırlanmış həmin nümunə sadəcə saray üçün yaradılmış lak məmulatı deyil. O, bir tərəfdən imperator hakimiyyətinin izi, digər tərəfdən isə təbiət motivlərinin yaratdığı bədii yaddaş nümunəsidir.
Və burada "Dünya Sandıqları" silsiləsinin əsas suallarından biri yenidən qarşımıza çıxır:
Sandıq nəyi qoruyur - yalnız içindəki əmanəti, yoxsa həm də onu yaradan zamanın özünü?
Bəzən bu suala cavab almaq üçün sandığın qapağını açmaq lazım deyil.
Onun səthinə diqqətlə baxmaq kifayətdir.
Sandıq sənədi qoruyanda
XVI əsr - yazılı yaddaşın sandığı
Yaranma tarixi: XVI əsr
Yaşı: təxminən 426-526 il
Dövr: Min sülaləsi (1368-1644)
Mədəniyyət: Çin
Materialı: oyma qara və qırmızı lak
Ölçüləri: hündürlüyü 6,9 sm, eni 11,7 sm, uzunluğu 23,2 sm
Funksiyası: sənədlərin saxlanması
Hazırda saxlanıldığı yer: The Metropolitan Museum of Art, Nyu-York [4]
Bu sandıq əvvəlki nümunələrdən ilk növbədə qoruduğu şeylə fərqlənir.
Burada söhbət nə müqəddəs sutradan, nə imperator sarayının rəmzlərindən, nə də sadəcə qiymətli bir əmanətdən gedir. Bu nümunə sənədlərin saxlanması üçün istifadə olunurdu. Deməli, onun içində qorunan şey insanın yazdığı, qeydə aldığı və gələcəyə çatdırmaq istədiyi məlumat idi. [4]
Sandığın bədii quruluşu da diqqətəlayiqdir. Onun əsas səthi qara lakdan ibarətdir, lakin oyma zamanı alt qatlarda yerləşdirilmiş qırmızı lak təbəqələri üzə çıxır. Sarı fon isə bu qara və qırmızı rənglərin yaratdığı kontrastı daha da gücləndirir. Muzey bu nümunəni gec Min dövrünün canlı rəng birləşmələrinə olan estetik zövqünü əks etdirən əsərlərdən biri kimi təqdim edir. [4]
Sandığın üzərindəki ornament pommel scroll (qılınc dəstəyi formalı burma ornament) adı ilə tanınır. Bu motivin kökləri daha qədim dövrlərə gedib çıxsa da, Min dövründə oyma lak sənətində yaşamağa davam etmişdi. [6]
Lakin bu sandığın bizim araşdırmamız üçün ən mühüm tərəfi başqa yerdədir.
O, sənədi qoruyurdu.
Sənəd isə sadəcə kağız parçası deyil. Orada bir qərar, bir razılaşma, bir məktub, bir mülkiyyət hüququ, bir insanın taleyi və ya bütöv bir dövr haqqında məlumat yaşaya bilər.
İnsan yazır.
Yazı yaddaşa çevrilir.
Sandıq isə həmin yaddaşı zamanın təhlükələrindən qorumaq üçün yaradılır.
Bu baxımdan XVI əsrin Çin sandığı artıq sadəcə saxlama vasitəsi deyil. O, yazılı yaddaşın fiziki mühafizəçisi kimi qarşımıza çıxır.
Burada "Dünya Sandıqları" silsiləsinin əsas fikirlərindən biri daha aydın görünür: insan üçün qiymətli olan hər şey mütləq qızıl və ya zinət deyil. Bəzən ən böyük sərvət yaddaşın özüdür.
Və bəlkə də buna görə bu kiçik ölçülü, təxminən yarım minillik yaşı olan lak sandığı bu gün də bizə mühüm bir sual verir:
Əgər insan yazdıqlarını qorumaq üçün sandıq yaratmışdısa, biz bu gün gələcək nəsillərin oxuması üçün öz yaddaşımızı harada və necə qoruyuruq?
Hədiyyəni deyil, niyyəti daşıyan sandıq
XVII əsrin birinci yarısı - hekayəni özü ilə aparan təqdimat sandığı
Yaranma tarixi: XVII əsrin birinci yarısı
Yaşı: təxminən 375-425 il
Dövr: Min sülaləsinin son mərhələsi
Mədəniyyət: Çin
Materialı: oyma qırmızı lak və qızılı fon
Ölçüləri: hündürlüyü 10,2 sm, eni 71,1 sm, dərinliyi 17,8 sm
Funksiyası: hədiyyə və sənədlərin təqdimatı
Hazırda saxlanıldığı yer: The Metropolitan Museum of Art, Nyu-York [5]
Bu nümunə ilə Çin sandıqlarının hekayəsində daha bir fərqli məna meydana çıxır.
Metropoliten Muzeyinin məlumatına görə, Çində hədiyyə və sənədlərin təqdimatı üçün belə sandıqlardan əsrlər boyu istifadə olunub. XVII əsrin əvvəllərində Cənubi Çində bu sandıqların çoxu uzunsov düzbucaqlı formada hazırlanır və zəngin şəkildə bəzədilirdi. Dekorativ səhnələr də sandığın hansı münasibətlə istifadə olunması ilə əlaqələndirilirdi. [5]
Bu sandığın qapağında bir neçə hekayə səhnəsi yerləşdirilib. Mərkəzdə Li Yuanın - sonradan Tan sülaləsinin banisi olan imperator Gaozunun - Dou xanımla nişanlanmasını ifadə edən səhnə təsvir olunur. Yuxarıda gəncin yaşlı insana ehtiram göstərməsi və ona hədiyyə təqdim etməsi, aşağıda isə dost və qonaqların iştirakı ilə təbrik mərasimi göstərilir. Səhnələri ayıran hissələrdə iki sıçrayan karp dövlət qulluğu imtahanlarında uğuru, iki durna isə uzunömürlülüyü simvolizə edir. [5]
Beləliklə, sandığın səthində yalnız bəzək yoxdur.
Burada hekayə var.
Həmin hekayə sandığın hansı münasibətlə təqdim edilə biləcəyini, hansı dəyərlərin arzu və təbrik kimi çatdırıldığını da göstərir.
İnsan bir dəyəri digərinə təqdim edə bilər. Lakin həmin təqdimatın arxasında duran hissi, münasibəti və arzunu necə görünən etmək olar?
Çin ustası bunun cavabını sandığın səthində axtarırdı.
İçəridə hədiyyə vardı. Səthdə isə onun mənası.
Məhz bu xüsusiyyət Çin təqdimat sandığını "Dünya Sandıqları" silsiləsi üçün xüsusi maraqlı nümunəyə çevirir.
Çünki burada sandığın daşıdığı şey yalnız fiziki predmet deyil. O, həm də insandan-insana ötürülən münasibəti ifadə edir.
Təxminən dörd əsr sonra həmin mərasimin ilk iştirakçılarının kim olduğunu bilməsək belə, sandığın səthində qorunan təsvirlər bizə o dövrün insan münasibətləri, arzuları və simvolik dili haqqında danışmağa davam edir.
Bəlkə də tətbiqi sənətin ən maraqlı xüsusiyyətlərindən biri məhz budur.
İnsanlar gedir.
Hadisələr unudulur.
Hədiyyələr dəyişir və ya yoxa çıxır.
Amma bəzən onları müşayiət edən sənət nümunəsi qalır.
Və əsrlər sonra biz həmin səthə baxaraq vaxtilə insanlar arasında yaranmış münasibətin, hörmətin və xoş niyyətin izlərini oxumağa çalışırıq.
Beləliklə, XIV əsrdən XVII əsrə qədər izlədiyimiz Çin sandıqları qarşısında artıq fərqli bir mənzərə yaranır:
sənətkarın izi, müqəddəs söz, imperator zamanının nişanı, yazılı yaddaş və insan münasibətlərinin mesajı.
Sülalələr dəyişmişdi. Sandıqların forması, funksiyası və üzərindəki təsvirlər də dəyişmişdi.
Lakin dəyişməyən bir ehtiyac qalırdı:
İnsan özü üçün qiymətli olanı qorumaqla kifayətlənmirdi. O, həmin dəyərin mənasını da gələcəyə çatdırmaq istəyirdi.
Səthdəki simvolların gizli dili
İndiyədək izlədiyimiz beş Çin sandığı müxtəlif əsrlərdə, müxtəlif məqsədlərlə və fərqli ictimai-mədəni şəraitdə yaradılmışdı. Onların ölçüləri, formaları, hazırlanma texnikası və bədii dili də bir-birindən fərqlənirdi. Lakin onları yan-yana qoyanda bir xüsusiyyət xüsusilə diqqət çəkir:
Onların hamısının səthi danışır.
Çin tətbiqi sənətində ornamentə yalnız boş səthi dolduran bəzək kimi baxmaq düzgün olmazdı. Xüsusilə saray və yüksək sənətkarlıq nümunələrində təsvir edilən canlılar, çiçəklər, bitkilər və digər motivlər müəyyən mədəni təsəvvürlər, arzular və simvolik mənalarla əlaqələndirilirdi.
Əjdaha bunların ən diqqətçəkən nümunələrindən biridir. Sutra sandığının üzərindəki beş caynaqlı qızılı əjdahalar imperator hakimiyyətinin simvolik dili ilə bağlıdır. [2]
Pion da başqa bir hekayədən xəbər verir. Yongle dövrünə aid sandığın səthindəki ağac pionları şərəf və sərvət simvolu kimi təqdim edilir. Kameliya, xrizantema və nar motivləri isə kompozisiyanın digər bitki elementlərini təşkil edir. [3]
Burada mühüm bir fərq ortaya çıxır:
Sandığın içərisində saxlanılan şey onun sahibinə məxsus ola bilərdi. Lakin səthindəki simvollar bütöv bir mədəniyyətin yaddaşına məxsus idi.
Məhz buna görə Çin sandığını oxumaq üçün yalnız onun hansı materialdan və hansı texnika ilə hazırlandığını bilmək kifayət etmir. Onun səthindəki işarələrin hansı dünyagörüşündən doğulduğunu da anlamaq lazımdır.
Bəzən hekayə göz önündə olur.
Əjdahanı hamı görə bilər.
Pionu hamı tanıya bilər.
Buludu və ya naxışı hər kəs müşahidə edə bilər.
Lakin həmin təsvirlərin arxasında gizlənən mədəni kodları oxumaq üçün artıq başqa bir hazırlıq lazımdır.
Bu mənada sandığın səthi açıq kitabı xatırladır.
Hər kəs onun səhifələrinə baxa bilər. Amma hər kəs onu eyni dərəcədə oxuya bilməz.
Və bəlkə də əsrlər əvvəl yaşayan Çin ustalarının gələcək üçün saxladığı ən böyük sirr məhz budur: onların yaratdığı hekayə görünür, lakin həmin hekayənin bütün mənaları yalnız onları oxumağı bacaran insanın qarşısında açılır.
Sandığın içindən çıxan Çin
İndiyədək izlədiyimiz beş sandıq müxtəlif əsrlərdə və müxtəlif məqsədlərlə yaradılmışdı. Onların ölçüləri, formaları, hazırlanma texnikası və bədii dili də bir-birindən fərqlənirdi. Lakin onları yan-yana qoyanda qarşımızda sadəcə beş ayrı sənət nümunəsi deyil, daha geniş bir mənzərə açılır.
Bu sandıqlardan birində sənətkarın izi yaşayır.
Digərində müqəddəs söz qorunur.
Başqa birində imperator hakimiyyətinin və zamanın izi səthə həkk olunur.
Dördüncü nümunə yazılı yaddaşın qoruyucusuna çevrilir.
Sonuncu isə insandan-insana ötürülən hörmətin, xoş niyyətin və münasibətin daşıyıcısı kimi qarşımıza çıxır.
Beləliklə, sandıqların içindən yalnız qorunmuş dəyərlər deyil, bütöv bir sivilizasiyanın müxtəlif həyat qatları çıxır.
Sənət. İnam. Hakimiyyət. Yaddaş. İnsan münasibətləri.
Əslində, bunlar böyük bir sivilizasiyanın tarixini formalaşdıran əsas anlayışlardır. Çin sandıqları isə həmin anlayışları kitab səhifələrində deyil, lakın, oyma naxışların, təsvirlərin və yazıların dili ilə qoruyub saxlayıb.
Burada diqqəti çəkən əsas məsələlərdən biri də budur ki, sandığın funksiyası dəyişdikcə onun daşıdığı məna da genişlənirdi.
Bir sandıq müqəddəs mətni qoruyurdu.
Digəri sənədi.
Başqası hədiyyəni.
Lakin zaman keçdikcə həmin sandıqların özləri də qorunmağa layiq mədəni yaddaşa çevrildilər.
Yəni əvvəlcə sandıq başqa bir dəyəri qoruyurdu.
Əsrlər keçdikdən sonra isə sandığın özü qorunmalı dəyərə çevrildi.
Bəlkə də "Dünya Sandıqları" silsiləsində bizi ən çox düşündürən məqamlardan biri də məhz budur.
İnsan bir zamanlar müəyyən bir əmanəti, sözü, sənədi və ya hədiyyəni qorumaq üçün sandıq yaratmışdı. Lakin həmin əmanətlərdən bəziləri zamanın içində itib getdi, sənədlər yox oldu, sahiblərin adları unuduldu.
Sandıq isə qaldı.
Və bu gün biz bəzən onun içərisində nə saxlanıldığını tam bilməsək belə, səthində qalan izlər vasitəsilə onun mənsub olduğu dövr haqqında təsəvvür yarada bilirik.
Bu baxımdan, Çin sandıqları bizə yalnız keçmişin tətbiqi sənəti haqqında məlumat vermir.
Onlar daha böyük bir həqiqəti xatırladır:
İnsan qorumaq üçün yaratdığı bəzi şeylərin bir gün özünün də qorunacaq yaddaşa çevriləcəyini əvvəlcədən bilməyə bilər.
Bəlkə də buna görə bir sandığın tarixi yalnız onun yaradıldığı gün başlamır.
Onun ikinci həyatı əsrlər sonra başlayır - insanlar artıq onun içərisində nə olduğunu deyil, özünün bizə nə danışdığını dinləməyə başlayanda.
Qapalı sandıq, açıq tarix
Sandıq öz mahiyyətinə görə qapalı bir məkandır. Onun əsas vəzifəsi içərisindəki dəyəri qorumaq, onu zamanın, təsadüfün və unudulmanın təsirindən mümkün qədər uzaq saxlamaqdır.
Lakin əsrlər keçdikcə maraqlı bir dəyişiklik baş verir.
İnsanlar artıq yalnız sandığın içərisində nə saxlanıldığını soruşmurlar.
Onlar sandığın özünə baxmağa başlayırlar.
Onun nə vaxt yaradıldığını, kim tərəfindən hazırlandığını, hansı materialdan düzəldildiyini, səthindəki əjdahanın, çiçəyin, naxışın və yazının nə demək olduğunu araşdırırlar. Bir vaxtlar sadəcə başqa bir dəyəri qorumaq üçün yaradılmış sandıq zaman keçdikcə özü tarixi və mədəni dəyərə çevrilir.
Çin sandıqlarının əsrlər boyu davam edən hekayəsi bunu aydın şəkildə göstərir.
XIV əsrdən XVII əsrə qədər izlədiyimiz nümunələrdə müxtəlif sülalələrin izi, sənətkarın adı, müqəddəs söz, imperator hakimiyyətinin simvolları, yazılı yaddaş və insan münasibətlərinin işarələri bir-birindən fərqli formalarda yaşayır.
Bu gün həmin sandıqların qapaqlarını açmasaq belə, onların səthinə baxaraq keçmişlə dialoq qura bilirik.
Çünki zaman yalnız içəridə qorunanları deyil, səthdə həkk olunanları da özündən keçirərək gələcəyə çatdırır.
Bəlkə də buna görə sandığın ən böyük sirri onun içində deyil.
Bəzən onun ən böyük sirri səthindədir.
Orada hər kəsin görə biləcəyi təsvirlər mövcuddur. Lakin görünən hər şeyi oxumaq mümkün deyil. Bir əjdahanı görmək başqa şeydir, onun hansı mədəni və siyasi məna daşıdığını anlamaq başqa. Bir çiçəyi tanımaq asandır, lakin onun əsrlər boyu formalaşmış simvolik dilini oxumaq üçün bilik və düşüncə lazımdır.
Beləliklə, sandığın səthi gələcəyə göndərilmiş açıq bir mesajı xatırladır.
Mesaj hamının gözləri qarşısındadır.
Lakin onun bütün qatları hər kəs üçün eyni dərəcədə açılmır.
Bu isə bizi təkcə keçmişin sandıqları haqqında deyil, bu gün haqqında da düşünməyə vadar edir.
Biz bu gün yaratdığımız sandıq və mücrülərin səthinə də hekayələr, simvollar və gələcəyə yönəlmiş mesajlar köçürürük. Bu hekayələri hər kəs görə, onların zahiri məzmunu ilə tanış ola bilər. Lakin həmin təsvirlərin arxasında gizlənən daha dərin mənaları, zamanlar və mədəniyyətlər arasında qurulan əlaqələri oxumaq üçün müəyyən bilik, təcrübə və mənəvi hazırlıq lazımdır.
Çünki bəzən sənət əsərinin sirri gizlədilmir.
O, göz önündə olur.
Sadəcə onu görmək yetmir.
Onu oxumağı da bacarmaq lazımdır.
Və bəlkə də əsrlər sonra bizim yaratdığımız sandıq və mücrülərə baxan insanlar da eyni sualla qarşılaşacaqlar:
Əgər bir sandığın səthi yüzillər sonra bizə onu yaradan dövrün düşüncəsindən, dəyərlərindən və insanının dünyaya baxışından danışa bilirsə, biz bu gün gələcək nəsillərin oxuması üçün onun səthinə hansı hekayəni, hansı sirri və hansı mesajı həkk edirik?
Mənbələr
[1] The Metropolitan Museum of Art. Box with pommel scroll design. China, second half of the 14th century. Carved red and black lacquer. The Metropolitan Museum of Art, New York.
[2] The Metropolitan Museum of Art. Sutra box with dragons amid clouds. China, Ming dynasty, Yongle period, 1403-1424. Red lacquer, incised decoration, gold inlay, damascened brass lock and key. The Metropolitan Museum of Art, New York.
[3] The Metropolitan Museum of Art. Covered box with peonies and seasonal flowers. China, Ming dynasty, Yongle period, early 15th century. Carved red lacquer. The Metropolitan Museum of Art, New York.
[4] The Metropolitan Museum of Art. Box with pommel scroll design. China, Ming dynasty, 16th century. Carved black and red lacquer. The Metropolitan Museum of Art, New York.
[5] The Metropolitan Museum of Art. Presentation Box. China, late Ming dynasty, first half of the 17th century. Carved red lacquer with gilded ground. The Metropolitan Museum of Art, New York.
[6] The Metropolitan Museum of Art. Cinnabar: The Chinese Art of Carved Lacquer. Exhibition materials, 2009. Materials concerning Chinese carved lacquer and the pommel scroll decorative motif.