BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA- ÜMİD NƏSİBOVun şeirləri
12:48 SosialÜMİD NƏSİBOV
Yum gözünü ikimizçün
Ürəyində bir arzu tut.
O arzuna yetmək üçün
Nə istədin etmədimmi?!
İllərimi bir gül kimi
Ayağına sərdim sənin.
Ömrümü çəmənlik etdim,
Gül istədin, vermədimmi?!
Nağıl kimiydi sevgimiz,
Biri vardı, biri yoxdu.
Mən var olub nağıldaykən,
Sən yoxluğu seçmədinmi?!
Oyun oynadın mənimlə
"Gözünü yum gizlənim" dedin.
Gözlərimi yumub mənim
Sən ömürlük itmədinmi?!
Tərəzidə ölçdüm bugün.
Bir tərəfdə sənin sevgin,
Bir tərəfdə mənim sevgim.
Sən tərəf havada qaldı.
Mən sevdim, sən sevmədinmi?!
Sevgimizi bir film edib
"Xoşbəxt sonluq yazaq" dedin.
Mən "Xoşbəxt"-i yazan yerdə
Sən "Son" yazıb getmədinmi?!
Mən uşaq kimiyəm, baş qoşma mənə
Ağlayıb ağlayıb sonra susacam.
Ya qarnım acıbdır, ya susamışam
Ya da ki, sadəcə sənə möhtacam.
Sən mənə göylərin hədiyyəsiydin.
Bilmirəm yağışdın, günəşdin, nəydin.
Sənə gələcəyi danışırdım, sən
Keçmişdə qalmışdın, özgəsindəydin.
Sevməkçün heç bir şey etmədim ki mən.
Əlimdən gələni getməkçün etdim.
Sənə dərs verməkçün getmədim ki mən.
Dərsimi almışdım, onunçün getdim.
Səni gözləyirdim, Əzrayıl gəldi.
Mən hardan biləydim, olacaq belə?!
Görüşə gəlməkçün gec deyil, qorxma.
Üçüm var, yeddim var, qırxım var hələ.
MƏN DÜNYANDA İTİB BATDIM...
Bir zənglə dəyişdi həyat,
Bir zəngə dünyamı satdım.
Yeni dünya yaratdın sən,
MƏN DÜNYANDA İTİB BATDIM...
Günəşimdin, ayım idin.
Yağışımdın, qarım idin.
Sən mənim bir yarım idin.
Getdin, yarımı azaltdın,
MƏN DÜNYANDA İTİB BATDIM...
Fikrə gedib dərin-dərin,
Gözlərinə baxdım sənin.
"Səninçün mən kiməm?"-dedim.
Sən gözünü yumub yatdın,
MƏN DÜNYANDA İTİB BATDIM...
Sənlə gülmək olmaz!-Bildim!
Könül vermək olmaz!-Bildim!
Səni sevmək olmaz!-Bildim!
Özüm özümü aldatdım...
MƏN DÜNYANDA İTİB BATDIM...
Bilsəm sənə inanmazdım.
Tez alışıb, tez yanmazdım.
Sən mənimçün əlçatmazdın.
Əl uzatdım..... Əl uzatdım....
MƏN DÜNYANDA İTİB BATDIM...
Yəqin inanmaram daha,
Ümid qalmayıb sabaha.
Öz dünyanda sən əjdaha,
Mən balaca həşəratdım.
Gah öldürdün, gah yaşatdın,
MƏN DÜNYANDA İTİB BATDIM...
xxx
"Sən məni yormursan" deyən insanı
Varlığım narahat etməməliydi.
Sən olsan qalardın? - Düz de sən canın.
Get dedin getdim də. Getməməliydim?!
"Sevmək necə hissdir?" soruşsam səndən.
"Nə bilim?! Bilmirəm" deyərdin yəqin.
Sevmək necə olur bilirsənmi sən?
Mən bildim, çox pisdi. Bilməməliydim.
Beynim ürəyimə hirslənib deyir:
- Sən etdin, araya girməməliydin.
Düşün ki, mən ürək, sən də beyinsən.
Nə demək istədin? - Sevməməliydim?
Bilirsən mən sənin nəyini sevdim?
Ətrini sevdim mən, iyini sevdim.
Güləndə qəmzəndə birini sevdim.
Çox gözəl gülürdün. Gülməməliydin!
Onsuz da sən mənə gəlmə demişdin
Mən etdim sonunu, gəlməməliydim.
Ümid sonda ölür, bilirdin axı
Sondu da nə edim?! Ölməməliydim?
xxx
Həyat bir nağıldı, nağıla qanma,
Nə qara cəngavər, nə ağ atlı ol.
Kömək et yoxsula, əl uzat amma,
Yaxşılar tez ölür, EHTİYYATLI OL!
"Məhəbbət boş şeydi"-deyib aldanma.
Sevgi ibadətdi, cənnətdi bu yol.
Sev səni sevəni, sevindir, amma
Sevən gec qovuşur, EHTİYYATLI OL!
Ağlınla qəlbini bir yerə qoyma,
Biri sağ göstərər, o birisi sol.
Ağlınla qəlbinə yol göstər, amma,
Ağıl da səhv edir, EHTİYYATLI OL!
HƏYAT-günlərimiz yanan bir ocaq,
Xatirən yanacaq, cismin yanacaq.
"Umid sonda ölür!"-deyərsən, ancaq,
Bəlkə də bu SONdur?! EHTİYYATLI OL!
xxx
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA
Gözü bağlı gəldik bu dunyaya biz,
Hamı deyirdi ki, "Gözəldi, yaşa."
Zamanla gördük ki, həmin dünyamız,
Bizə əzab verir, dönüb savaşa.
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA
Hərəmiz bir cürə rola giririk,
Hərəmiz birinə əzab veririk,
Hərəmiz ayrı bir yolla gedirik,
Hərdən rastlaşırıq, gəzirik qoşa.
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA
Bəzən heç bitməyən yola baxırıq,
Bəzən sağ göstərib sola baxırıq,
Bəzən sevgi dolu "SON"-a baxırıq,
Bəzən "SON" görmədən dönürük başa.
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA
Qış gəldi, hər tərəf dondu soyuqdan,
Yaz gəldi çiçəyə büründü hər yan.
Yayın istisinə güvənən zaman,
Qəfil payız gəldi, düşdük yağışa.
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA
Ağrılı, acılı çox günlər gördük,
Tək-tənha ağladıq, birlikdə güldük.
Yetmiş beş yaşında uşağa döndük,
Axırda büründük ağ bir qumaşa.
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA
Kaş pislər heç zaman var olmayaydı.
Kaş yaxşının yerin pis almayaydı!
Kaş dünya əbədi fırlanmayaydı.
İndi də ümidlər bağlayaq "kaş"-a?!
BİZ BİR AKTYORUQ, HƏYAT TAMAŞA