“SABAH.city” Azərbaycanın yeni texnoloji mərkəzinə çevrilə bilərmi?- ÖZƏL

Bu gün Prezident İlham Əliyev Bakıda ETN-nin Yüksək Texnologiyalar Parkında yaradılan "SABAH.city" innovasiya şəhərciyinin açılışında iştirak edib. "SABAH.city" Azərbaycanın yeni texnoloji mərkəzinə çevrilə bilərmi? "Olaylar"ın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, özüm də YTP Ekspertlər Şurasının üzvü olaraq vaxtaşırı bu ərazidə oluram. Burada böyük tikinti işlərinin getdiyini müşahidə edirdim. Bu nəhəng texnoloji şəhərciyi cəmi bir il ərzində belə bir səviyyəyə gətirib çıxarmaq özü böyük işdir: "Məncə, bu layihəyə sadəcə yeni kampus, laboratoriyalar və ofislər toplusu kimi baxmaq düzgün olmazdı. "SABAH.city" Azərbaycanın innovasiya ekosistemində çatışmayan vacib həlqələrdən birinə çevrilə bilər. Burada əsas məsələ universitetlərin, tələbələrin, tədqiqatçıların, startapların, investorların və texnologiya şirkətlərinin bir məkanda olması deyil, birgə işləməsidir.

İlk mərhələdə BDU, AzTU və ADNSU-nun 1500-dən çox tələbəsinin prosesə cəlb edilməsi, 13 tədris və tədqiqat laboratoriyasının, startap və şirkətlər üçün iş mühitinin yaradılması, süni intellekt mərkəzi olan ASAN AI Hub burada yerləşməsi yaxşı başlanğıcdır. Dünyada və regionda bu modelin uğurlu nümunələri var. Elə regionumuzda Astana Hub Qazaxıstanın texnologiya ixracında, IT Park isə Özbəkistanın İT biznesinin qlobal bazarlara çıxmasında və xarici texnologiya şirkətlərinin ölkəyə cəlb edilməsində mühüm rol oynayır. Ona görə "SABAH.city"nin uğurunu gələcəkdə neçə bina və laboratoriyanın olması ilə deyil, konkret nəticələrlə ölçmək lazımdır. 

Neçə elmi nəticə kommersiyalaşdırıldı, neçə patent və startap yarandı, nə qədər investisiya cəlb edildi, neçə qlobal şirkət burada R&D mərkəzi açdı və nə qədər texnologiya ixrac edildi? Ümid edirəm ki, son dövrlərdə innovasiya, startap və vençur ekosistemi istiqamətində qəbul edilən qanunvericilik aktları da bu mərkəzin inkişafına əlavə imkanlar yaradacaq. "SABAH.city" həm də uzun müddətdir ciddi problem olaraq qalan universitet-biznes əməkdaşlığının inkişafında mühüm rol oynaya bilər. Universitetdə yaranan bilik və tədqiqatın biznesə, məhsula və nəticədə iqtisadi dəyərə çevrilməsi əsas hədəflərdən biri olmalıdır.
İnanıram ki, "SABAH.city" Azərbaycanda yeni texnoloji şirkətlərin və  yeni innovativ məhsulların və formalaşdığı əsas mərkəzlərdən birinə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31