"Payın (azdır), (gələn dəfə) çox olsun!”- İmarət Cəlilqızı yazır

Dilimizə xas olan elə deyimlər var ki, onların mənasını yanlış bildiyimi mən yalnız bir xeyli böyüdükdən sonra anlamışdım. Belə deyimlərdən birini dünən bir doğum günü məclisində daha çox eşidirdim və hər dəfə eşitdikcə usaqlığımda bu ifadəni necə yozduğumu xatırlayıb gülümsünürdüm.

Usaqlıq dövrümdə adamlar biri digərinə hansı münasibətləsə hədiyyə verərkən hədiyyə alan adamın onu verənə "sağ ol, payın çox olsun" deməsi mənə həmişə qəribə gəlirdi. Mənə elə gəlirdi ki, payı götürən adam belə deyərkən bu sözləri ilə aldığı payın azlığına üstüörtülü bir narazılıqla işarə vurub qarşısındakına demək istəyir ki, "bax, gələn dəfə payın çox olsun ha!.."

Frazanın mənasını bu cür başa düsdüyümə görə də düşünürdüm ki, görəsən, adamlar necə utanıb-çəkinmədən çoxlu pay istədiklərini "payın çox olsun" deyə belə asanlıqla dillərinə gətirə bilirlər, ayıb deyilmi?

Məni təəccübləndirən bir də o olurdu ki, aldığı payın qarşılığında bu sözləri yalnız tək-tük adamlar deyil, elə ucdantutma hamı, hətta gözütox olduğuna tam əmin olduğum adamlar da söyləyirdilər və həm də bunu elə məmnun və xoş təbəssümlə deyirdilər ki, mən bu mənzərədən tamam çaş-baş qalırdım: adamın gözünün içinə dik-dik "payın çox olsun" demək hara, bu xoş təbəssüm hara?

Böyüdüm və böyüdükcə anlamadığım bir çox mətləblər və deyimlər kimi, bu deyimin də doğru mənasını anladım (sən demə, "payın çox olsun" "sənə pay verənlər çox olsun" demək imiş - nə gözəl dilək!..)

Bütün bayram və şad günlərinizdə hamınızın payınız çox olsun!.

Vidalaşma etiketi

İllər boyu böyüklərdən hər bir məqamın, hər bir vəziyyətin özünə aid, özünə uyğun işlətdikləri maraqlı fadələr eşitmişəm. Onların bəziləri (məsələn, "payın çox olsun" deyimi) haqqında əvvəllər yazmışam. Bir ifadə də var ki, onu mən tez-tez atamdan və onun dostlarından eşidirdim. Onu atam adətən dostu ilə telefon söhbətinin sonunda söyləyirdi.

Atamın bir dostu vardı, lap uşaqlığından ta son gününəcən həmişə birlikdə olmuşdular, görüşmədikləri günlərdə mütləq bir-birinə zəng edib hal-əhval tuturdular. O söhbətlərin yekunundakı vidalaşma etiketləri arasında tez-tez belə birisi də olurdu: "Sağlığın, gözəlliyin".      Mən atamın dilindən bu kəlmələri hər dəfə eşidəndə başa düşürdüm ki, o, bu sözləri dostunun telefonun o başından verdiyi "Mənə görə nə qulluq? Nəsə bir şey lazım deyil ki?" sualının cavabı olaraq söyləyir, çünki onların bu cür vidalaşmasının dostu evimizə qonaq gəlib-gedəndə də şahidi olmuşdum. Uşaq ağlımla bu frazanın mənasını, əlbəttə ki, o qədər də anlamırdım. Böyüdükcə yavaş-yavaş dərk etməyə başlayırdım. Ömür müəyyən bir məqama çatdıqdan sonra isə bu deyimin sanbalının və dəyərinin necə yüksək olduğu daha da aydın oldu mənə. Bir daha aşkar etdim ki, bu dünyada bir insanın dostundan, doğmasından, əzizindən, sevdiyi, dəyər verdiyi hər kəsdən yeganə təmənnası yalnız onların həmişə, bir ömür boyunca sağlam və gözəl olmasından ibarət ola bilər (gözəl olması da, təbii ki, təkcə surət gözəlliyi anlamında deyil): onlar sağlamdırmı, özləri də, könülləri də gözəldirmi, deməli, səninçün vacib olan hər şey var.

-Sənin üçün nə edə bilərəm? Sənə nə lazımdır?

-Heç nə. Təkcə sağlığın və gözəlliyin.

Sadə bir sualın möhtəşəm bir cavabı!

İmarət Cəlilqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31