Azərbaycan səhiyyə sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir- ÖZƏL

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Çoxölkəli Ofisinin (AUMCO) direktoru, Missiya rəhbəri Simonetta Siliqato ilə görüşüb. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr, gələcək birgə layihələr və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi ilə UNOPS arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu müddət ərzində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə bir sıra layihələrin həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq və koordinasiya təmin olunub.

Teymur Musayev Azərbaycan Respublikasının səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Nazir səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların və həllərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində beynəlxalq təcrübədən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

Həmçinin, UNOPS-un Azərbaycanla əməkdaşlığının mövcud istiqamətlərinin daha da inkişaf etdirilməsi, səhiyyə sahəsində yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə UNOPS-un Tərəfdaşlıq üzrə məsləhətçisi Konstantin Eqorov və UNOPS-un Azərbaycan üzrə Tərəfdaşlıq əlaqələndiricisi Dinara Quliyeva da iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31