Həssas qruplar üçün süni intellekt xəbərdarlığı mühüm məsələdir- ÖZƏL

"Süni intellekt əsaslı erkən xəbərdarlıq sistemləri böyük həcmli məlumatların sürətli təhlilinə, real vaxt rejimində insan gözündən qaça bilən qanunauyğunluqların aşkar edilməsinə, mümkün təhlükələrin daha dəqiq proqnozlaşdırılmasına və aidiyyəti qurumların vaxtında məlumatlandırılmasına imkan verir. Bu texnologiyalar fövqəladə hallara hazırlıq üçün əlavə vaxt qazandırmaqla yanaşı, risk zonalarında resursların daha optimal bölüşdürülməsinə də kömək edə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Yaşlılar, uşaqlar, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün xəbərdarlıqların onların ehtiyaclarına uyğun formada təqdim edilməsi mühüm məsələdir. Səsli, vizual və vibrasiyalı bildirişlər kimi fərdiləşdirilmiş xəbərdarlıq imkanları bu insanların təhlükə zamanı daha tez məlumatlandırılmasına və qorunmasına şərait yarada bilər.

Lakin süni intellektin tətbiqi müəyyən çağırışları da özündə ehtiva edir. Yanlış proqnozlar və yalançı həyəcan siqnalları cəmiyyətdə panikaya və iqtisadi itkilərə səbəb ola, sistemlərin kiberhücumlara, məlumatların saxtalaşdırılmasına və sabotaja məruz qalması isə əlavə təhlükələr yarada bilər. Bundan başqa, süni intellekt sisteminin yanlış proqnozu və ya gecikdirilmiş müdaxilə nəticəsində yaranan fəsadlara görə məsuliyyət məsələsinin hüquqi baxımdan aydın müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31