Şəkər xəstəliyinin səssiz əlamətləri - MÜTLƏQ DİQQƏT EDİN

Tip 2 diabet və prediabet uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. Mütəxəssislər gündəlik həyatda adi görünən bəzi dəyişikliklərin qan şəkərinin yüksəlməsi ilə bağlı xəbərdarlıq ola biləcəyini bildirirlər.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, endokrinologiya üzrə mütəxəssis, doktor Melek Aksu Geyik tip 2 diabet və diabetdən əvvəlki mərhələ olan prediabetin insan özünü sağlam hiss etdiyi halda belə, uzun müddət səssiz şəkildə irəliləyə biləcəyinə diqqət çəkib.

"Özümü yaxşı hiss edirəm" düşüncəsi aldadıcı ola bilər

Mütəxəssis bildirib ki, tip 2 diabetdə əlamətlər tədricən ortaya çıxa bilər. Bu səbəbdən insanın özünü yaxşı hiss etməsi xəstəliyin olmadığı anlamına gəlmir.

Diabetin əsas əlamətləri

Yüksək qan şəkəri bəzi insanlarda aşağıdakı əlamətlərlə özünü göstərə bilər:

Həddindən artıq susamaq və tez-tez sidiyə getmək

Daimi halsızlıq və tez-tez aclıq hissi

Bulanıq görmə

Səbəbi açıqlanmayan çəki dəyişiklikləri

Yaraların gec sağalması

Əl və ayaqlarda keyimə və ya iynələnmə hissi

Təkrarlanan infeksiyalar

Boyun və qoltuqaltındakı qaralma da xəbərdarlıq ola bilər

Mütəxəssis boyun və qoltuqaltı kimi dəri büküşlərində yaranan məxməri görünüşlü tündləşmələrin də diqqətə alınmalı olduğunu bildirib.

Tibbdə "akantozis nigrikans" adlandırılan bu vəziyyət insulin müqaviməti ilə əlaqəli ola bilər.

Kimlər daha çox risk altındadır?

Ailəsində diabet xəstəsi olan, artıq çəkidən əziyyət çəkən, hərəkətsiz həyat tərzi keçirən və yaşlı insanlar daha diqqətli olmalıdır.

Mütəxəssis risk qrupunda olan şəxslərin hər hansı əlamətin ortaya çıxmasını gözləmədən mütəmadi tibbi müayinələrdən keçməsinin vacib olduğunu vurğulayıb.

Diabet diaqnozu yalnız əlamətlərə əsasən qoyulmur. Bunun üçün müxtəlif qan şəkəri testlərindən istifadə edilir.

HbA1c testi isə təxminən son üç ay ərzində qandakı orta şəkər səviyyəsi barədə məlumat verir. HbA1c göstəricisinin 5,7-6,4 faiz arasında olması prediabet, 6,5 faiz və daha yüksək olması isə diabet baxımından qiymətləndirilir. Lakin dəqiq diaqnoz həkim tərəfindən digər analizlər və klinik qiymətləndirmə ilə birlikdə müəyyən edilir.

Erkən diaqnoz böyük əhəmiyyət daşıyır

Mütəxəssis diabetin erkən mərhələdə aşkarlanmasının xəstəliyə nəzarət baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və zəruri hallarda çəkiyə nəzarət diabet riskinin azaldılmasına kömək edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31