Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası mövcuddur- ÖZƏL
11:46 Sosial"Bu gün ailə anlayışı təkcə sosioloji deyil, eyni zamanda, mənəvi və hüquqi çərçivədə də əhəmiyyət kəsb edir. Ona görə də, ailə dəyərlərinin qorunması, bu institutun daha da möhkəmlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi vacib məsələdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Belə məşhur ifadə var: "Ailənin təməl daşı - hörmət və sədaqətdir". Qarşılıqlı anlaşma, sadiqlik ailənin uğurlu olması üçün çox vacib anlayışdır. Lakin, bu, hüquq müstəvisində öz təsdiqini tapanda daha təsirli olur. Bu baxımdan Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası mövcuddur. Ailə dövlətin xüsusi himayəsindədir. Prezident İlham Əliyev tərəfindən ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində çox mühüm qanunlar qəbul edilmiş, dövlət proqramları və digər hüquqi-normativ aktlar təsdiq olunmuşdur.
Nikah yaşının tənzimlənməsi, erkən nikah və qohum nikahların qadağan edilməsi ilə bağlı Ailə və Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər, həmçinin nikahdan öncə tərəflərin tibbi müayinədən keçməsinin məcburi olması, qadın və kişilərin əmək və pensiya hüquqlarının gücləndirilməsi, Gender bərabərliyinin təminatları, Məişət zorakılığının qarşısının alınması, Uşaqların zərərli informasiyadan qorunmasına dair qanunların qəbul edilməsi ailə institutunun müdafiəsi sahəsində mühüm uğurlar hesab olunur.
Ailələrimizin sağlam mühitinin təşkili və bütövlüyü, hər bir şəxsin hüququnun qorunması üçün davamlı olaraq hüquqi islahatlar aparılır. Qanunlar təkmilləşdirilir. Eyni zamanda, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə çoxsaylı layihələrini misal göstərmək olar"