50-yə yaxın din xadimi Azərbaycana səfər edəcək
10:27 SosialMilli-mənəvi dəyərlərimizin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin təbliği məqsədilə sentyabrın 6-da Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində Azərbaycana səfər edəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, qurumun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə baş tutacaq səfər ərzində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini, Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edəcək. Din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar. Növbəti günlərdə qonaqların Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı nəzərdə tutulur.
50-ə yaxın azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da yekunlaşacaq.