Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər?

Azərbaycanda uşağı övladlığa götürmək istəyən şəxslər bir sıra tələblərə cavab verməlidirlər.

Milli.Az xəbər verir ki, qanunvericiliyə əsasən, övladlığa götürmə prosesi bir neçə mərhələdən ibarətdir. İlk olaraq uşağı övladlığa götürmək istəyən şəxs və ya şəxslər uçota alınır, daha sonra övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müəyyən edilir və sonda məsələ ilə bağlı məhkəmə qərarı qəbul olunur. 

Bundan başqa, övladlığa götürmək istəyən şəxslər üçün yaş tələbləri də müəyyənləşdirilib. Nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25, nikahda olmayan şəxslər üçün isə 30 yaşdır. Ögey ata, ögey ana və müəyyən qohumluq halları istisna olmaqla, nikahda olmayan şəxslə övladlığa götürülən uşaq arasında yaş fərqi 18 ildən az olmamalıdır. 

Beləliklə, uşağı övladlığa götürmək istəyən şəxsin yalnız müraciət etməsi kifayət etmir. Namizədin qanunla müəyyən edilmiş tələblərə uyğunluğu, eləcə də övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. 

Bu tələblər Ailə Məcəlləsinin 118-ci maddəsində əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31