Obyektivliyi itirmək vicdanı itirmək deməkdir- ÖZƏL
14:55 SosialTwente klubuna məğlub olan Qarabağ FK və xüsusilə baş məşqçisi Qurban Qurbanov haqqında bir çox fikir və rəylər (əlbəttə hamısı deyil, obyektiv, rasional rəylər və şərhlər də çoxdur) göstərdi ki, biz ümumiyyətlə düzgün təhlil edə bilmirik. Nəticədə tərifimiz yaltaqlığa, təndiqimiz təhqirə çevrilir. Qısaca olaraq, bütün yazılan təhqir və əsassız tənqidləri təkcə bir analitik kimi deyil, həm də 2001-ci ildən etibarən Qarabağ FK-nın addım-addım böyüməsini, inkişaf etməsinin birbaşa şahidi olan və o vaxtlardan bu klubun azarkeşi olan biri kimi cavablandırmaq istərdim:
- Qarabağ FK-nın həm transferlərdə (gecikmələr, seçimlər və sair), həm də konkret dünənki oyunda dəyişikliklərlə bağlı səhvləri oldu. Amma azacıq futbolla maraqlanan (hələ peşəkar demədim, maraqlanan dedim) hər bir kəs bilir ki, hər bir futbol klulubunda müəyyən illər keçdikdən sonra nəsil dəyişiklikləri olur. Nəsil dəyişiklikləri zamanı yanlış transferlər də olur, komandada oyunçular arasında anlaşılmazlıqlar çox olur, komanda 1-2 mövsüm zəif nəticələr göstərir. Bu həm klublara, həm də milli komandalara aiddir. Bu dövrdə futboldan başı çıxanlar komandanı linç etmir, konstruktiv tənqid və təkliflərlə komandaya dəstək olurlar;
- 2001-ci ildən etibarən hələ Qarabağ-Azersun adlanan dövrlərdə bu komandaya böyük investisiyalar qoyuluşu edən, komandanı maddi olaraq mənfi vəziyyətindən (klub alınanda borc içində idi və maaşları ödəyə bilmirdi) bu günki günə çatdıran bir sponsoru xəsislikdə ittiham edərək linç və təhqir etmək obyektivlik deyil. Hətta tutaq ki, xəsislik var. O halda bunun deyiliş üslubu da var;
- Deyirlər ki, dünənki əsəbi, məyusluğu kimin ayağına yazaq? Dünyada uğursuzluğa düçar olmayan bir futbol komandası göstərin. Futbolun sevinci varsa, kədəri də var. Son 20 ili demirəm, son 12 il dalbadal Avrokuboklarda qruplara düşərək heç-heçə və qələbələri, uğurları ilə Azərbaycan futboluna reytinq və hətta klublara pul qazandıranda, futbolu qadınlara, uşaqlara sevdirəndə, keçən il Avropa nəhəngləri ilə başabaş oynayıb ölkəyə eyforiya yaşadanda yazmaqdan və danışmaqdan başqa nə etdik ki, indi bir uğursuzluğa görə Qurban Qurbanovu şəxsi təhqir və linç edirik? Bol, peşəkar, rasional tənqidə hər bir kəsin haqqı var, təhqirə deyil!
- Qurban Qurbanov özünə biznes qurubmuş deyərək bunu mənfi çalarda təqdim etmək? Əvvəla, qazandıqlarının halal olması ilə bağlı şübhə yoxdur. İkincisi, halal pulu ilə (hətta maaşı ilə məsələn bir dönər köşkü də açıb bir-iki nəfərə məşğulluq yaradan və ya biznesdən qazanıb digər sahələrə də investisiya edən hər bir kəsə aiddir) biznes qurub məşğulluq yaratmaq bu gün dəstəklənməli, genişləndirilməli, təşviq edilməlidir. Bunu edən hər bir kəsə halal olsun. Qurban Qurbanov halal pulları ilə özünə biznes quraraq bir neçə vətəndaşa da iş yeri yaratmaq, öz pullarını iqtisadi dövriyyəyə buraxmaq, ölkə iqtisadiyyatına və ÜDM-nə öz imkanı çərçivəsində töhfə verməklə ikinci təqdirəlayiq işi görür. Bu fəaliyyəti ölkə futboluna qazandırdıqları qədər əhəmiyyətlidir. İqtisadiyyatın i-sindən anlayan hər bir şəxs belə məsələlərdə ölçüb-biçib danışmalıdır;
- Qurban Qurbanov bahalı maşın sürürmüş. O maşını dövlət büdcəsi hesabına almayıb. Maaşı, zəhməti ilə alıb. Bahalı nömrələrə gəlincə. O nömrəni ona uğurlarına simpatiya olaraq hədiyyə ediblər. Hətta bu məsələ səhv etmirəmsə mətbuatda da getmişdi. Lap hədiyyə etməyiblər, pul ilə alıb. Nə dəyişir ki? Bu amil niyə təhqir alətinə çevrilməlidir ki?
- Bəli, qeyd etdiyim kimi səhvlər var. Klub və baş məşqçi o səhvləri bizdən də yaxşı bilir, dəyərləndirirlər. Heç kim ideal deyil. Məsələn, vaxtilə Şahruddinlə bağlı inad nümayiş etdirdikdə mən də "bu qədər səhvdən sonra Şahruddinlə davam etmək rasional yanaşmanı aşan inadkarlıqdır və ən çox Qurban Qurbanovun özünə zərər vurur" fikirlərini əhatə edən yazı yazmışdım. Həmin yazıdan təxminən 1 həftə sonra artıq yeni qapıçı da gəldi;
- Unutmayaq ki, heç bir uğur da, uğursuzluq da əbədi deyil. Bir insanın uğursuzluğu zamanı elə yanaşma sərgiləyək ki, onun uğuru zamanı ondan utanmayaq. Hələ xüsusilə son 12 il ərzində bizə bu qədər gözəl həyəcan, sevinc yaşadan birinin uğursuzluğu zamanı sözlərimizdə, ifadələrimizdə ikiqat ehtiyatlı olaq!
- Qurban Qurbanovu fərqləndirən cəhətlərdən birini Ölkə Prezidenti komandanı qəbul edərkən səsləndirmişdi. Onun təmkini, ədalət tərəfdarı olması, hətta haqsızlığa düçar olduqda belə kameraların önündə olduğunu, Azərbaycanı təmsil etdiyini unutmayaraq səbr nümayiş etdirməsi, davranışlarıdır. O Azərbaycan futboluna indiyə qədər əvəzi olmayan töhfə verdi, uğurlar, reytinq gətirdi. Təkcə Qarabağ FK-nı deyil, həm də Qarabağımızı dünyada reklam etdi, daha yaxından tanıtmaqla yanaşı şəxsi keyfiyyətləri, səbr və təmkini, digər məşqçilərlə, futbolçularla davranışları zamanı qüsura, səhvə, utancverici hərəkətə yol vermədi! Bu amilləri göz önünə gətirə bilən hər kəs onun şəxsiyyəti haqqında təhqirə yol verərsə və ya veribsə ən azı vicdan əzabı çəkər!
P.S. Bu da taleyin qismətidir ki, ölkəmiz yenə Çempionlar Liqasında təmsil olunur! Bu dəfə Sabah FK ilə. Yeri gəlmişkən, Sabah FK-nı ən çox dəstəkləyənlər arasında Azersun Holdinq Prezidenti və Qurban Qurbanov var idi və bu dəstəklərini davam etdirəcəklərini mətbuatda ifadə ediblər. Sabah FK-ya nəhəng futbol klubları ilə oyunlarda ən azı gözəl oyun, sonadək mübarizə və uğurlar arzu edirəm. Sabah FK uduzsa da qazanacağı təcrübələri, ölkəni təmsil etməsi və qrupa düşməsi böyük uğurdur və gələcəkləri üçün əvəzsiz özül, fundamentdir! İndidən arzu edirəm ki, gənc komandamızı böyük hesablarla məğlub olduğu halda linç etməyək) Sabah FK bu dəfə təkdir, amma Qarabağ FK yenidən toparlanaraq, güclənərək qayıdacaq və bir deyil, ən azı 2 komandamızla yenidən avrokuboklarda qrup mərhələlərində təmsil olunacağıq!
Elman Sadıqov
İqtisadçı ekspert