Övladlarınızı təhlükəli xəstəliklərdən qorumağın ən effektiv yolu vaksinasiyadır- ÖZƏL
12:17 Sosial
Vaksinasiya, orqanizmə xəstəlik törədən mikrobun (virus və ya bakteriyanın) çox zəiflədilmiş, təsirsiz hala gətirilmiş formasının və ya yalnız bir hissəsinin yeridilməsidir. Bu proses immunitet sistemimizi "məşq etdirir". Bədənimiz bu yad cismi tanıyır, ona qarşı anticisimlər yaradır və gələcəkdə həqiqi virusla qarşılaşdıqda onu xəstələnmədən dərhal məhv edir. Yardımlı Rayon Mərkəzi Xəstəxanasından "Olaylar"a bildirilib ki, xəstəxanaların təcrübəsi və beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələri göstərir ki, vaksinasiyanın faydaları əvəzsizdir. Belə ki, vaksinasiya immuniteti gücləndirir, bədənin infeksiyalara qarşı təbii müdafiə sistemini formalaşdırır.Ağır fəsadların qarşısını alır, təhlükəli xəstəliklərin (qızılca, poliomielit, hepatit və s.) ağır gedişatından və həyati təhlükəsindən qoruyur. Kollektiv immunitet yaradır:
"Siz peyvənd olunduqda, cəmiyyətdəki səhhətinə görə peyvənd oluna bilməyən həssas şəxsləri (məsələn, yeni doğulanları və ya xroniki xəstələri) də qorumuş olursunuz. Bu proses tam təhlükəsizdir, Çünki, bütün vaksinlər istifadəyə verilməzdən öncə uzun illər boyu dəqiq klinik sınaqlardan keçirilir. Unutmayın ki, vaxtında edilən peyvənd həm sizin, həm də sevdiklərinizin sağlamlığının ən güclü qarantıdır. Milli peyvənd təqviminə riayət etməyi və mütəmadi olaraq həkiminizlə məsləhətləşməyi unutmayın!"