Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı açıqlanıb
12:34 SosialDövlət İmtahan Mərkəzi (DİM) bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayını açıqlayıb.
DİM-in məlumatına görə, bu il ali təhsil müəssisələrinə 4215 subbakalavr qəbul olunub. Bu göstərici ötən illə müqayisədə 2246 nəfər azdır.
Subbakalavrlar ümumilikdə 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul olmaq hüququ qazanıblar.
İxtisas qrupları üzrə ən çox subbakalavr II ixtisas qrupuna qəbul olunub. Bu qrup üzrə 2319 subbakalavr tələbə adını qazanıb.
I ixtisas qrupu üzrə ali məktəblərə 1197 subbakalavr qəbul olunub. IV ixtisas qrupu üzrə bu göstərici 627, V ixtisas qrupu üzrə isə 72 nəfər təşkil edib.
III ixtisas qrupunda isə subbakalavrlar ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər. DİM bildirib ki, bu qrup üzrə müsabiqə iştirakçılarının sayı və plan yerlərinin nisbəti yüksək rəqabətin olacağını əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi. Müsabiqənin nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazanıblar.
Ayrı-ayrı ali məktəblər üzrə subbakalavrların qəbul göstəricilərində də fərqlər qeydə alınıb. Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 28,67 faizi - 412 nəfər, Mingəçevir Dövlət Universitetinə qəbul olunanların 25,22 faizi - 433 nəfər, Lənkəran Dövlət Universitetinə qəbul olunanların isə 23,28 faizi - 474 nəfər subbakalavr olub.
Ümumilikdə bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri, o cümlədən 4215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.
Qəbul olunanlardan 28 108 nəfər dövlət sifarişi, 317 nəfər dövlət hesablı, 30 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Dövlət sifarişi əsasında qəbul olunanların 1145-i, dövlət hesablı yerlərə qəbul olunanların 58-i, ödənişli əsaslarla qəbul olunanların isə 3012-si subbakalavrdır.
Ali təhsil müəssisələrinin qəbul planı 97,07 faiz dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi başa çatdıqdan sonra bu göstəricinin daha da yüksələcəyi gözlənilir.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslər avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək elektron qaydada "my.gov.az" portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxsin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq