Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir
15:07 SosialAzərbaycan incəsənətinə, milli musiqimizə və muğam sənətinə xidmətimi böyük qürur və fəxarətlə davam etdirirəm. Azərbaycan muğamı dünyaya səs salan, ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist Bəyimxanım Vəliyeva söyləyib.
Əməkdar artist bildirib ki, uzun illərdir Azərbaycan milli musiqisini və muğam sənətini Fransa, Almaniya, ABŞ, Kanada, Özbəkistan, Türkiyə, Qazaxıstan və bir sıra digər ölkələrdə böyük sevgi və qürur hissi ilə təmsil edir.
O, hazırda Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olduğunu və bütün bilik və təcrübəsini gənc ifaçılara ötürməyə çalışdığını qeyd edərək deyib: "Tələbələrimin muğamın dərinliyini, fəlsəfəsini, məsuliyyətini və bu sənətin daşıdığı mənəvi yükü dərk etmələri üçün səy göstərirəm. Çünki muğamımızın gələcəyi məhz gənc nəslin əlindədir".
Dövlət tərəfindən muğam sənətinə göstərilən diqqət və qayğıdan da danışan B.Vəliyeva qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilən "Muğam" Televiziya müsabiqələri bu qədim sənətin inkişafına, yeni ifaçı nəslinin yetişməsinə və muğamın dünya miqyasında daha geniş tanıdılmasına mühüm töhfə verib.
"Ən böyük arzum budur ki, Azərbaycan muğamı bundan sonra da layiqincə yaşadılsın, inkişaf etsin və gələcək nəsillərə olduğu kimi ötürülsün", - deyə o əlavə edib.