“Bu uğur həyatınızın yeni mərhələsinin başlanğıcıdır”- ÖZƏL
25 Avqust 10:18 SosialDeputat tələbə adı qazanmış gəncləri təbrik etdi
"Hər bir gəncin tələbə adını qazanması təkcə onun və ailəsinin sevinci deyil. Bu uğur, eyni zamanda, illər boyu gənclərimizə bilik və tərbiyə verən müəllimlərin zəhmətinin, dövlətimizin təhsilə göstərdiyi diqqətin və cəmiyyətimizin gələcəyə olan böyük ümidlərinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Gənclərimizin hər bir uğuru bizim üçün qürur mənbəyidir. Çünki biz onların yalnız yaxşı təhsil almasını deyil, seçdikləri sahə üzrə yüksək ixtisaslı mütəxəssis kimi yetişməsini, savadlı, dünyagörüşlü, mənəvi dəyərlərinə bağlı və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasını arzulayırıq.
Bu gün universitetlərə qəbul olunmuş gənclərimizin və onların valideynlərinin sevincini bölüşürük. Hər birinizin üzündəki sevinc, valideynlərinizin gözlərindəki qürur bizim üçün də böyük xoşbəxtlikdir. Əziz gənclər, bu uğur həyatınızın yeni və məsuliyyətli mərhələsinin başlanğıcıdır. Qarşıda sizi böyük imkanlar, yeni biliklər və mühüm sınaqlar gözləyir. İnanıram ki, hər biriniz sizə göstərilən etimadı doğruldacaq, qazandığınız bilik və bacarıqları gələcəkdə xalqımızın və dövlətimizin inkişafına sərf edəcəksiniz.
Xüsusilə Qusar rayonundan tələbə adını qazanmış bütün gənclərimizi rayonun deputatı kimi ürəkdən təbrik edirəm. Sizin hər bir uğurunuz Qusarın uğurudur, ailələrinizin sevincidir, müəllimlərimizin əməyinə verilən ən gözəl qiymətdir. Valideynlərinizə, müəllimlərinizə və bu uğurda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Sizə möhkəm cansağlığı, təhsil həyatınızda böyük uğurlar, işıqlı gələcək və arzularınızın gerçəkləşməsini arzulayıram. Yolunuz həmişə açıq, uğurlarınız davamlı olsun! Tələbə adınız mübarək, əziz gənclər! Sizə inanırıq və sizinlə qürur duyuruq!"