Güclü vətəndaş cəmiyyəti demokratik dövlət idarəçiliyinin mühüm amilidir
09:56 Sosialİstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.
Vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşmasının və inkişafının əsas şərtlərindən biridir. Hüquqi dövlət dedikdə qanunun aliliyinin təmin edildiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunduğu, dövlət orqanlarının fəaliyyətinin qanunla məhdudlaşdırıldığı dövlət başa düşülür. Vətəndaş cəmiyyəti dövlətlə cəmiyyət arasında əlaqələndirici rol oynayan mühüm sosial institutlar sistemidir. Buraya qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər, həmkarlar ittifaqları, könüllü təşkilatlar, müstəqil media və müxtəlif vətəndaş təşəbbüsləri daxildir. Vətəndaş cəmiyyətinin Azərbaycandakı mövqeyi bir neçə istiqamətdə üzrə inkişaf etməkdədir. Vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində əsas rolu ictimai iştirakın təmin edilməsi və dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsidir. Vətəndaşlar və ictimai təşkilatlar dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi prosesində öz təkliflərini irəli sürə, problemləri gündəmə gətirə və qərarların cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılmasına kömək edə bilərlər.
Bundan əlavə, vətəndaş cəmiyyəti şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir. İctimai nəzarət dövlət qurumlarının fəaliyyətində mümkün nöqsanların aşkar edilməsinə, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına kömək edir. Birmənalı şəildə qeyd etmək olar ki, ölkədə vətəndaş cəmiyyəti dövlət qurumlarının fəaliyyətinin cəmiyyət qarşısında daha şəffaf və hesabatlı olmasına töhfə verə bilər. QHT Agentliyinin fəaliyyət istiqamətlərindən biri də QHT-lərin ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməkdir.
Qeyri-hökumət təşkilatları və media sosial problemləri araşdıraraq onların həlli ilə bağlı dövlət qurumlarına tövsiyələr verə bilərlər. QHT-lər həssas qruplarla iş, ekologiya, səhiyyə, regionların inkişafı, şəhid ailələri və veteranlarla bağlı müxtəlif layihələr həyata keçirirlər. 2026-cı il üzrə dövlət dəstəyi istiqamətlərində də bu sahələrə xüsusi yer verilib.
Vətəndaş cəmiyyətinin digər mühüm funksiyası vətəndaşların hüquq və mənafelərinin müdafiəsidir. İnsanların müxtəlif sosial qruplarının maraqlarının dövlət siyasətində nəzərə alınması daha ədalətli və səmərəli idarəetməyə şərait yaradır. Vətəndaş cəmiyyəti hüquqi və siyasi mədəniyyətin yüksəldilməsində mühüm rol oynayır. İnsanların öz hüquq və vəzifələrini bilməsi, qanunlara hörmət etməsi və ictimai proseslərdə fəal iştirak etməsi hüquqi dövlətin möhkəmlənməsinə xidmət edir. Son illərdə ölkədə dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı istiqamətində institusional mexanizmlər gücləndirilir. Məsələn, QHT Agentliyinin Müşahidə Şurasında həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Vətəndaş cəmiyyəti həmçinin demokratik iştirakın inkişafına şərait yaradır. Vətəndaşların ictimai müzakirələrdə, seçkilərdə, müxtəlif sosial layihələrdə və qərarların hazırlanması prosesində iştirakı dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadı gücləndirir.
Beynəlxalq sahədə əməkdaşlıq vətəndaş cəmiyyətlərinin əsas fəaliyyət növlərindən biridir. Azərbaycan QHT-ləri beynəlxalq layihələrdə və müxtəlif ölkələrin vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda iştirak edirlər. 2026-cı ildə Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin keçirilməsi buna nümunədir.
Azərbaycanda vətəndaş cəmiyyəti dövlət idarəçiliyinin mühüm iştirakçılarından biri kimi çıxış edir. Onun əsas mövqeyi dövlətlə vətəndaşlar arasında əlaqəni gücləndirmək, ictimai maraqları ifadə etmək, sosial problemlərin həllinə dəstək vermək və ictimai nəzarətdə iştirak etməkdir. Eyni zamanda, vətəndaş cəmiyyətinin daha da inkişafı üçün ictimai iştirakın, şəffaflığın, müstəqil təşəbbüslərin və dövlət-QHT əməkdaşlığının davamlı şəkildə genişləndirilməsi əhəmiyyətlidir.
Hüquqi dövlət və güclü vətəndaş cəmiyyəti bir-birini tamamlayan anlayışlardır. Qanunun aliliyinin, insan hüquqlarının, şəffaflığın və ictimai iştirakın təmin olunması üçün vətəndaş cəmiyyətinin fəal olması böyük əhəmiyyət daşıyır. Buna görə də vətəndaş cəmiyyətinin inkişafı hüquqi və demokratik dövlət quruculuğunun mühüm şərtlərindən biridir. Nəticə olaraq qeyd edək ki, güclü və fəal vətəndaş cəmiyyəti demokratik dövlət idarəçiliyinin mühüm şərtlərindən biridir. Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq nə qədər inkişaf etmiş olarsa, qərarların qəbulunda ictimai maraqların nəzərə alınması, şəffaflıq və dövlət idarəçiliyinin səmərəliliyi də bir o qədər yüksək olar.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.