Əlimizdəki nemətlərin dəyərini bilirikmi?- ÖZƏL

"Su həyatdır. Amma biz çox vaxt onun həqiqi dəyərini yalnız çatışmadığı zaman anlayırıq. Orta hesabla bir insanın yalnız içmək üçün ömrü ərzində təxminən 50-60 min litr suya ehtiyacı ola bilər. Bəs biz bu qədər vacib olan suya gündəlik həyatımızda necə yanaşırıq?" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Kranı açıq qoyub gedirik, bağlamağı unuduruq. Diş fırçalayarkən suyu boş yerə axıdırıq. Maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edirik. Sızan kranı isə günlərlə təmir etdirmirik.
Amma sayğac gələndə davranışımız dəyişir. Çünki artıq hər litr suyun hesabını görürük. Suyun neçə kubmetr sərf edildiyini bilirik və daha diqqətli oluruq. Bəs suyun sayğacı olmasaydı? Yenə də qənaət edərdikmi? Əsl məsuliyyət suyun pulunu ödəməkdən deyil, onun dəyərini anlamaqdan başlayır. Çünki suya qənaət etməyimizin səbəbi yalnız hesabın çox gəlməməsi olmamalıdır.
Bir tərəfdə insanlar bir damla su axtarır, digər tərəfdə isə tonlarla suyu düşünmədən israf edirik. Unutmayaq: suyun qiyməti sayğacda görünür, amma əsl dəyəri həyatdadır.

Bu gün bir kranı bağlamaq, sızan borunu təmir etdirmək, ehtiyacdan artıq su istifadə etməmək kiçik addım kimi görünə bilər. Amma böyük israf da məhz kiçik səhlənkarlıqlardan başlayır. Suyu puluna görə deyil, həyatımıza görə qoruyaq. Çünki bu gün israf etdiyimiz su sabah ən böyük ehtiyacımıza çevrilə bilər. Bu günün israfçısı sabahın dilənçisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31