Parklarda tum qabıqları, plastiklər, şüşə qırıqları: “Bu, əsl işgəncədir”- ÖZƏL
09:55 SosialDünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Azərbaycanda mədəniyyət və istirahət parkları insanların ruhən dincəldiyi, təbiətlə ünsiyyətdə olduğu ən müqəddəs məkanlar sayılır. Sosial şəbəkələrdən izləyirik ki, xarici ölkələrdə insanlar çəmənliklərdə ayaqyalın gəzir, otların üzərində uzanaraq kitab oxuyur, övladları ilə rahatca vaxt keçirir. "Pik-nik" edir, süfrə qurur, istirahətin dadını çıxarırlar. Bəs Azərbaycanda, xüsusən Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə buna imkan varmı?
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında Bakı və Sumqayıt şəhərlərində son illərdə yeni parkların salındığını bildirib. Paytaxtda həyata keçirilən abadlıq və quruculuq işlərinə diqqət çəkən ekoloq bildirib ki, hər iki böyük şəhərdə mütəmadi olaraq yeni istirahət parkları salınır, mövcud yaşıllıqlar bərpa edilir və sakinlərin rahatlığı üçün müasir infrastruktur qurulur: "Müasir park konsepsiyası artıq sadəcə ağaclıq sahə və ya oturacaqlardan ibarət deyil. Yeni salınan istirahət məkanlarında təbiətlə funksionallıq sintez olunub. Parklarda əhalinin sağlam həyat tərzini təşviq edən açıq hava idman qurğuları, trenajorlar və yürüş zolaqları quraşdırılıb. Velosiped həvəskarları üçün xüsusi təhlükəsiz zolaqlar salınıb, gölməçə və su hövzələri olan ərazilərdə isə katamaranlar və digər su əyləncələri istifadəyə verilib. Uşaqlar üçün müasir oyun meydançaları və sakinlər üçün sakit istirahət guşələri təşkil edilib. Dövlət səviyyəsində yaradılan bu cür geniş imkanlar şəhər sakinlərinə gündəlik gərginlikdən uzaqlaşmaq, ailələri ilə keyfiyyətli və asudə vaxt keçirmək üçün mükəmməl şərait yaradır. Lakin bu gözəlliklərin uzunömürlü olması və funksionallığını qoruması üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Yaradılan infrastrukturun qorunması, parklarda təmizlik qaydalarına riayət olunması hər bir şəhər sakininin ekoloji mədəniyyətinin göstəricisi olmalıdır. Çünki orada təmizlik bir həyat tərzidir, ətraf mühitə hörmət isə vətəndaşlıq borcudur".
Elman Cəfərli hesab edir ki, mədəniyyət və istirahət parklarını uşaqlar, yeniyentmələr üçün təhlükəsiz, təmiz bir məkana çevriməliyik: "Son illər Bakının bir sıra mədəniyyət və istirahət parklarında insanların davranışlarında müsbət tendensiyalara rast gəlinir. İstirahət günlərində Xətai rayonunda yerləşən Gənclik parkı, Ukrayna dairəsindəki Heydər Əliyev Parkında piyada ya da velosipedlər gəzir, müşahidlər aparıram. Öncə qeyd edim ki, bu parklarda, o cümlədən köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən Mərkəzi parkın ərazilərində "pik-nik" üçün şərait var. Hər bir Bakı sakini, qonaq, turist özü ilə qida, su, şirə, meyvə gətirə və burada istirahət edə, qidalana bilər. Bu, çox yaxşı bir haldır. Əvvəllər insanlarımız bunu ancaq çimərliklərdə, dağlıq ərazilərdə, çay yataqlarında edərdilər. İnsanlarımızın istirahət anlayışı müsbətə doğru xeyli dəyişib. Davam edən mənfi tendensiya odur ki, bəzi insanlar hələ də təmizliyə riayət edə bilmirlər. Bəzən mədəniyyət və istirahət parklarındakı çəmənliyin üzərinə günəbaxan tumları, meyvə çəyirdəkləri, istifadə olunmuş plastik qablar, sellofan torbalar atırlar. Hətta şüşə qırıntıları da parkın ərazisində atılır. Yuxarıda biz mədəniyyət və istirahət parklarında, xüsusilə təmiz və baxımlı yaşıl çəmənliklərdə ayaqyalın gəzməkdən danışdıq. Xarici ölkələrdə bunu edirlər, çünki çox faydalıdır. Torpağın üzərində, yaşıl çəmənliklərdə ayaqyalın gəzmək ayaq əzələlərini gücləndirir, ayağın xırda əzələlərinin daha aktiv işləməsinə kömək edir. Ayağın yer səthini birbaşa hiss etməsi bədənin tarazlıq mexanizmlərini daha çox işə salır, ayaq pəncəsinin təbii hərəkətini təmin edir, sərt və dar ayaqqabıdan fərqli olaraq, ayaq barmaqları daha sərbəst hərəkət edir. Ot, torpaq və digər təhlükəsiz təbii səthlər ayaqaltı sinir uclarına xoş və rahatlaşdırıcı stimul verir. Təbiətdə, xüsusilə yaşıllıq ərazidə gəzmək insanda stressi azaldır, psixoloji rahatlıq gətirir. Şüşə qırıqları, plastik və metal tullantılar, heyvan nəcisi, iti daşlar və digər zibillər olan parkda ayaqyalın gəzmək olarmı? Təbii ki olmaz. Və çox təəssüf ki, bizim bir sıra parklarımız ayaqyalın gəzmək üçün məsləhətli deyil. Park o qədər təmiz olmalıdır ki, insan çəmənlikdə ayaqyalın gəzməkdən çəkinməsin. Bu da təkcə aidiyyatri qurumların, kommunal xidmət əməkdaşlarının işi deyil. Hər gün istiraht parklarında təmizlik işləri görən işçilərlə rastlaşırıq. Görürsüz onlar necə əziyyət çəkirlər. Xüsusilə tum qabıqlarını təmizləmək əsl işgəncədir. Fikrimcə, insanlarda ekoloji şüur o qədər inkişaf etməlidir ki, düşünən canlı yerə tullıantı atmasın. Bilsin ki, bu tullantıları təmizləyən insanlar əziyyət çəkəcəklər. Həm də istirahət parklarının timsalında uşaqlar, yeniyetmələr üçün ideal bir məkan yaratmağı düşünməliyik". E. Cəfərli deyib ki, parklarda futbol, voleybol, basketbol oyunları üçün balaca meydançaların yaradılması da yaxşı olardı: "Məhəllələrdə həyətlər daralıb. Bir zamanalr futbol meydançası olmuş həyətlərdə indi göydələnlər, ticarət obyektləri ucalır. Yaxşı bəs uşaqlar harada oynayacaq, vaxt keçirəcək? Uşaqları zərərli vərdişlərdən uzaq tutaq deyirik. Bunun üçün gərəkən idman təsisatları yaratmaq lazımdır".