Asılılıq ailə münasibətlərinə necə təsir edir?- ÖZƏL
11:12 Sosial"Asılılıq insanın ailə münasibətlərinə ciddi mənfi təsir göstərir. Asılı olan insan tez-tez yalan danışa bilər və ya məsuliyyətlərini yerinə yetirməyə bilər. Bu da ailədə etimadın itirilməsinə səbəb olur. Asılılıq səbəbindən ailə üzvləri arasında tez-tez mübahisə, gərginlik, emosional uzaqlaşma yaranır". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova deyib:
"Asılı insan çox vaxt ailədən uzaqlaşır, bu da ailə üzvlərinin inciklik və yorğunluq səbəbilə emosional olaraq ondan uzaqlaşmasına gətirib çıxara bilər. Asılılıq həm də maddi problemlərin yaranmasına səbəb olur. Belə ki, bəzi asılılıqlar (məsələn, spirtli içki və ya narkotik) ailənin maddi vəziyyətinə zərər verə bilər. Qeyd edim ki, belə ailələrdə böyüyən uşaqlarda qorxu və narahatlıq, özünə güvənsizlik, psixoloji problemlərin yaranma riski artır. Asılılıq yalnız bir insanın problemi deyil, çox vaxt bütün ailə sisteminə təsir edən bir problemə çevrilir. Buna görə müalicə zamanı ailə dəstəyi və bəzən ailə terapiyası çox vacib olur".
Onun sözlərinə görə, asılılıqdan çıxmağın ilk və ən vacib addımı insanın problemi qəbul etməsidir: "İnsan asılı olduğunu qəbul etmədiyi təqdirdə dəyişiklik etmək çətin olur. Psixoloq və ya psixiatrdan peşəkar kömək almaq çox vacibdir. Belə ki, psixoloji terapiya bu prosesdə böyük rol oynayır. Ailə üzvləri, dostların və dəstək qruplarının köməyi insanın sağalma prosesini asanlaşdırır. Asılılığa səbəb olan mühitdən, insanlardan və vəziyyətlərdən uzaq qalmaq isə asılılığın yenidən yaranmasının qarşısını almağa kömək edir.
Sağlam həyat tərzi qurmaq, idmanla məşğul olmaq, sağlam qidalanmaq, yeni hobbilər tapmaq, gündəlik rejim yaratmaq insanın psixoloji vəziyyətini yaxşılaşdırır. Asılılıqdan qurtulmaq zaman və səbr tələb edən bir prosesdir. Asılılıqdan qurtulmaq mümkündür, amma bunun üçün insanın istəyi, peşəkar kömək və sosial dəstək birlikdə olmalıdır".