Asılılıq təkcə fiziki deyil, psixoloji bağlılıq da yaradır- ÖZƏL

"Asılılıq insanın müəyyən bir maddəyə, davranışa və ya fəaliyyətə qarşı güclü ehtiyac hiss etməsi və bunu nəzarətdə saxlaya bilməməsi vəziyyətidir. Bu zaman insan həmin maddəni qəbul etmədikdə güclü narahatlıq, gərginlik və psixoloji boşluq hiss edə bilər. Asılılıq təkcə fiziki deyil, psixoloji bağlılıq da yaradır. Asılılıq insanın kimyəvi maddələrə (spirtli içki, siqaret) və ya davranışlara (qumar, internet, alış-veriş, cinsi davranışlar) qarşı nəzarətsiz və davamlı ehtiyac hiss etməsi, bağlılıq yaranmasıdır. Asılılıq insanın həyat keyfiyyətinə mənfi şəkildə təsir edə bilər və müxtəlif psixoloji, emosional, eyni zamanda fiziki problemlərə səbəb ola bilər". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova deyib: 

"Asılılıqlar ümumilikdə iki əsas qrupa bölünür. Bunlar kimyəvi (maddə) asılılıqları və davranış asılılıqlarıdır. Hər iki növ insanın həyat keyfiyyətinə, psixoloji vəziyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Kimyəvi asılılıq insanın müəyyən maddələri qəbul etməyə qarşı güclü ehtiyac hiss etməsi və zamanla həmin maddə olmadan normal fəaliyyət göstərə bilməməsi ilə xarakterizə olunur. Spirtli içki asılılığı onun davamlı və nəzarətsiz şəkildə qəbul edilməsi ilə xarakterizə olunur. Zaman keçdikcə insan daha çox spirtli içki qəbul etməyə ehtiyac duyur və qəbul etmədikdə əsəbilik, narahatlıq və digər psixoloji problemlər yaşaya bilər. Kimyəvi maddələr beyinə təsir edərək insanın düşüncə, davranış və emosiyalarını dəyişdirir. Nikotin asılılığı siqaret və digər nikotin tərkibli məhsulların müntəzəm istifadəsi nəticəsində yaranır. Nikotin zamanla insanın ona olan ehtiyacını artırır və bu da asılılıq formalaşdırır. Qida asılılığı şəkərli, yağlı və ya yüksək kalorili qidaların nəzarətsiz şəkildə qəbul edilməsi ilə müşahidə olunur. İnsan stress, narahatlıq və ya emosional boşluq zamanı çoxlu qida qəbul edə bilər və bu da zamanla asılılıq halını ala bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31