Mətbuatın "Zaur"laşan dövrü: Qəzet qoxusundan "Mərdan Palace" dəbdəbəsinə doğru

Nahid  Canbaxışlı 

Bu hələ harasıdır? Az qalıb ki, tik-tokerlər də dillənib: "Ümumiyyətlə, Rəşad Məcid kimdir, bu ölkəyə nə xeyri olub?" - desinlər. Çünki hakimiyyətdəki bəzi qüvvələr məhz bu tendensiyanı şüurlu şəkildə təşviq edirlər. Məqsəd bəllidir: normal medianı tamamilə sıradan çıxarıb, "bambılı" yığınını cəmiyyətə sırıtmaq.

Ötən il yazdığım məqalə 4 körfəz ölkəsində dərc olundu, amma ölkədə bir nəfər olsun belə "sağ ol" demədi. Amma təəccüblü deyil; 30 ilə yaxın bir dövrdə Azərbaycan mediasına verdiyimiz xidmətlərə son bir ildən artıqdır ki, açıq-aşkar embarqo qoyulub. Bu da onu göstərir ki, artıq "Zaurların" dövranıdır.

Biz Azərbaycan mediasında əsl qəzet qoxusu ilə böyümüş adamlarıq. Rəşad Məcid, Mehman Cavadoğlu, Yunus  Oğuz, Veli Akbər, Əflatun Amaşov, Rauf   Arifoglu kimi şəxsiyyətləri görüb, onların yolundan gedərək bu sahədə tozlu-torpaqlı, lakin şərəfli izimiz olsun istəmişik. Seyfəddin Qəndilov, Fərəməz Maqsudov kimi əsl ziyalılardan dərs alıb, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan ideyasını ruhumuza hopduraraq yola çıxmışıq.

Əslində, "Zaur" olmağa nə var ki? "Mərdan Palace"da dincələnlərdən, dəyərləri ayaqlar altına atanlardan olsaydıq, çoxdan hər qapı üzümüzə açılar və bizə də "yaşıl işıq" yandırılardı. Amma bizim seçdiyimiz yol əqidə yolu, başqalarının seçdiyi isə... sadəcə "Mərdan Palace" konformizmidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31