MŞ sədri Nadir Adilov Qazaxıstanda mediasiyanın 15 illiyinə həsr olunmuş beynəlxalq tədbirə qatılıb- ÖZƏL
23:04 SosialAzərbaycan Respublikası Mediasiya Şurasının sədri Nadir Adilov Qazaxıstan Mediatorlar Assosiasiyasının dəvəti ilə Qazaxıstan Respublikasının Almatı şəhərində Qazaxıstanda "Mediasiya haqqında" Qanunun qəbul edilməsinə və mediasiya institutunun yaradılması və rəsmi fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, tədbirdə Qazaxıstan Mediatorlar Assosiasiyasının İdarə Heyətinin sədri Jandilda Jakupov çıxış edərək iştirakçılara Azərbaycan və Qazaxıstan mediasiya qurumları arasında olan əməkdaşlıq barədə məlumat verib. Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək Jandilda Jakupov başda olmaqla, Qazaxıstan mediatorlarını Qazaxıstanda mediasiyanın 15 illiyi münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib.
Qeyd edilən tədbirdə Qazaxıstan mediasiya təşkilatlarının rəhbərləri, mediatorlar, Qazaxıstanın Xalqlar Assambleyasının nümayəndələri, müxtəlif dövlət qurumlarının hüquqşünas və beynəlxalq ekspertləri iştirak ediblər.
Müzakirələr çərçivəsində BMT-nin "Mediasiya yolu ilə əldə edilmiş beynəlxalq sülh sazişləri haqqında" Konvensiyasının (Sinqapur Konvensiyası) tətbiqi, mediasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, kommersiya mübahisələrinin alternativ həlli mexanizmləri, eləcə də mediasiyanın inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Mediasiya Şurasının sədri Nadir Adilov Azərbaycan və Qazaxıstan mediasiya institutları arasında mövcud səmərəli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Mediatorlar Assosiasiyasının İdarə Heyətinin sədri Jandilda Jakupova Mediasiya Şurası adından xüsusi plaket təqdim edib.
Eyni zamanda, mediasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafına və peşəkar fəaliyyətlərinə görə bir qrup Qazaxıstanlı mediator Mediasiya Şurasının fəxri diplomları ilə təltif olunub.
Qazaxıstan Mediatorlar Assosiasiyasının sədri Jandilda Jakupovun təqdimatı əsasında Mediasiya Şurası tərəfindın fəxri diplomlarla təltif edilən şəxslərə təqdim edilən fəxri diplom mətnində qeyd edilir ki, "Mediasiyanın inkişafı naminə göstərdiyi fəaliyyətə və verdiyi töhfələrə görə təşəkkür edilir və Türk Dünyası Arabulucular Birliği çərçivəsində səmərəli əməkdaşlığın inkişafına, həmçinin Azərbaycan Respublikasının Mediasiya Şurası ilə Qazaxıstan Respublikasının mediatorları arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Fəxri Diplom ilə təltif edilir.
Tədbir çərçivəsində geniş müzakirələr aparılıb, Azərbaycan və Qazaxıstan arasında mediasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi, birgə təlim proqramlarının, elmi-praktik konfransların və digər beynəlxalq təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının BMT-nin Sinqapur Konvensiyasına qoşulması ölkəmizin beynəlxalq mediasiya sistemində mövqeyinin daha da möhkəmlənməsinə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, bu Konvensiyaya qoşulan ölkələrin təcrübəsinin öyrənilməsinə mühüm töhfə verir.