Sözün silinməz izi: İlahə Allahverdiyevanın "Mürəkkəb izi" kitabı nəşr olundu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist İlahə Allahverdiyevanın altı illik media fəaliyyətini və zəngin yaradıcılıq yolunu əks etdirən "Mürəkkəb izi" kitabı işıq üzü görüb.
Eyni zamanda GunAz.az xəbər portalının baş redaktoru olan müəllifin bu ilk nəşrində illər ərzində qələmə aldığı seçmə publisistik yazıları, analitik məqalələri, oçerkləri və satirik qələm nümunələri toplanıb. Kitabda cəmiyyət həyatı, insan taleləri və milli-mənəvi dəyərlər həssas bir jurnalist baxışı ilə təhlil olunur. Hadisələrə obyektiv yanaşması və araşdırma bacarığı ilə seçilən İlahə Allahverdiyeva bu əsərində vicdanla yazılan sözün zamana qalib gəlmək gücünü ortaya qoyur.
Nəşrin "Mürəkkəb izi" adı və mürəkkəb damcısı ilə barmaq izinin sintezindən yaranan üz qabığı dizaynı dərin simvolik məna daşıyır. Bu metaforik təsvir mürəkkəbin zamanla sarala bilsə də, həqiqət naminə yazılmış sözün insanların yaddaşında silinməz iz buraxacağını nümayiş etdirir. Bütöv bir dövrün salnaməsini özündə yaşadan kitab, müəllifin ömrünü sözün müqəddəsliyinə və jurnalist məsuliyyətinə həsr etdiyinin bariz nümunəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31