Uşaqlar sanatoriyaya ən çox hansı xəstəliklərlə bağlı müraciət edirlər?- ÖZƏL

"Səhiyyə Nazirliyi 3 Saylı Uşaq Somatik Sanatoriyasına əsasən yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri, allergik bronxit, neyrosirkulyator distoniya, qamət pozğunluqları, skolioz, kifoz və yastıpəncəlik diaqnozu olan uşaqlar sanatoriyamızda müalicə alırlar. Bu xəstəliklərin əksəriyyətində düzgün fizioterapiya, müalicəvi bədən tərbiyəsi və sağlam iqlim şəraiti çox mühüm rol oynayır. Ona görə də, sanator şəraiti həmin uşaqlar üçün olduqca faydalıdır". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 3 Saylı Uşaq Somatik Sanatoriyasının pediatrı Samirə Hüseynova deyib: "Sanatoriyaya 6-16 yaş arasında olan uşaqlar qəbul edilir. Bu yaş dövrü uşağın həm fiziki, həm də psixoloji inkişafı baxımından çox vacib mərhələdir. Məhz buna görə müalicə proqramlarımız da yaş xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.
İlk növbədə hər bir uşaq həkim tərəfindən ətraflı müayinə olunur. Daha sonra onun diaqnozu, ümumi sağlamlıq vəziyyəti və ehtiyacları qiymətləndirilərək fərdi müalicə planı tərtib edilir. Biz standart yanaşmadan deyil, fərdi yanaşmadan istifadə edirik.
Bizim əsas məqsədimiz müxtəlif somatik xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlığını bərpa etmək, onların fiziki inkişafını dəstəkləmək və xəstəliklərin gələcəkdə ağırlaşmasının qarşısını almaqdır. Sanatoriyada uşaqlar yalnız tibbi prosedurlar almırlar. Burada onlar sağlam həyat tərzi vərdişləri qazanır, kollektiv mühitdə ünsiyyət qurur, müxtəlif sosial və yaradıcı fəaliyyətlərə qoşulur, həmçinin istirahət edərək psixoloji cəhətdən də bərpa olunurlar. Bu səbəbdən sanatoriya klassik xəstəxana mühitindən fərqlənir və uşaqlar üçün daha rahat atmosfer yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31