"Azərbaycan Hərbi Hava Qüvvələri rəqəmsal idarəetmədə yeni mərhələyə keçir"- HvBS sistemi ordumuza nə qazandıracaq? ÖZƏL
15:12 SosialAzərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Türkiyənin HAVELSAN şirkətinin hazırladığı HvBS Hava Qüvvələri Məlumat Sisteminin bir hissəsi Azərbaycana təhvil verilib. Sistem Azərbaycan Hərbi Hava Qüvvələrinin idarəetmə infrastrukturuna inteqrasiya olunaraq hava əməliyyatlarının planlaşdırılması, real vaxt rejimində məlumatların emalı və qərarvermə imkanlarını gücləndirəcək.
HvBS sisteminin Azərbaycan Hərbi Hava Qüvvələrinin əməliyyat idarəetməsi və döyüş hazırlığına hansı praktik üstünlükləri verəcəyini necə qiymətləndirirsiniz? Bu sistemin tətbiqi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gələcək inkişafı və ordumuzun rəqəmsal idarəetmə imkanları baxımından hansı yeni perspektivlər açır?
Mövzu ilə bağlı Hərbi jurnalist Səxavət Məmməd Olaylar.az-a açıqlama verib:
" Türkiyənin HAVELSAN şirkətinin hazırladığı bu sistemlər Azərbaycan Ordusu və xüsusilə Hərbi Hava Qüvvələri üçün çox önəmli bir vasitədir. Bunun səbəbləri müxtəlifdir.
Praktik olaraq bu tip vasitələrlə artıq Hərbi Hava Qüvvələrinin döyüşə hazır vəziyyətdə olması, sursatının və ehtiyatlarının hansı vəziyyətdə olması, hətta döyüş təyyarələrinin ümumiyyətlə döyüşə hazır olub-olmaması ilə bağlı bütün məsələlər eyni anda bir qərargahda formalaşdırılır. Bu qərargah təbii ki, təkcə Hərbi Hava Qüvvələrini nəzərdə tutmur, eyni zamanda dronların(PUA-ların) və helikopterlərin də birgə fəaliyyətini nəzərdə tutur. Yəni faktiki olaraq Azərbaycan Ordusunun həm dronları, həm helikopterləri, həm də aviasiya vasitələri, döyüş təyyarələri arasında qarşılıqlı əlaqə və birgə fəaliyyət üçün bu, çox önəmli bir vasitədir.
Təbii ki, bu, qərarvermə mexanizmini son dərəcə asanlaşdıracaq və vaxta çox ciddi qənaət ediləcək. Ümumiyyətlə, biz bilirik ki, müharibələrdə vaxtın, hər saniyənin öz hökmü var. Vaxt çox önəmlidir. Ona görə də hesab edirəm ki, Azərbaycanın aldığı bu vasitələr Azərbaycan Ordusu üçün çox önəmlidir və ordunun döyüş qabiliyyətini, əməliyyatların idarə edilməsini, həmçinin Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsində qarşılıqlı əlaqəni son dərəcə mühüm edəcək. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu Türkiyə ordu modelinə keçid həyata keçirir və hesab edirəm ki, Hərbi Hava Qüvvələrində bu sistemlərin gətirilməsi ilə bu keçid artıq tamamlanmaq üzrədir. Həm də deyə bilərik ki, Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrində döyüşün idarə edilməsinin NATO standartlarına çıxarılması, ümumiyyətlə NATO standartlarına uyğunlaşdırılması kimi də qiymətləndirilə bilər.
Bu sistemlərin quru qoşunları və digər qoşun növləri ilə əlaqələndirilməsi bütün qoşun növlərinin birgə fəaliyyətinə çox mühüm təsir göstərəcək. Kibertəhlükəsizlik sahəsində də bu sistemlərin çox ciddi rolu var. Bunların hamısını ümumiləşdirsək, hesab edirəm ki, bu, Azərbaycan Ordusu üçün çox vacib məsələlərdən biridir. Paralel olaraq təkcə Hərbi Hava Qüvvələri deyil, eyni zamanda hava hücumundan müdafiə sistemləri ilə Hərbi Hava Qüvvələrinin qarşılıqlı əlaqəsini də son dərəcə asanlaşdıracaq. Bu isə bütün ordular üçün vacib və zəruri məsələdir. Biz bu sistemlərin necə fəaliyyət göstərdiyini Rusiya-Ukrayna müharibəsində gördük və həmin dövrdə bu sistemlər daha da təkmilləşdirilməyə başladı. Bundan əlavə, İran-ABŞ-İsrail qarşıdurması zamanı da bu sistemlərin, qarşılıqlı əlaqənin və vaxta qənaətin nə qədər mühüm olduğunu müşahidə etdik. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan Ordusu üçün çox vacib bir məsələ idi və artıq alınan sistemlərlə Azərbaycan Ordusu bu məsələni demək olar ki, həll etmiş oldu".
Zeynəb Mustafazadə