İcarə müqaviləsindən yayınan lar hansı məsuliyyəti daşıyırlar?- ÖZƏL

Son vaxtlar mənzilini kirayə verən şəxslər müxtəlif bəhanələr gətirərərk icarə müqaviləsi bağlamaqdan yayınırlar. Bəs, bunun hüquqi tənzimlənməsi necə həyata keçirilir? "Olaylar" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, "İcarə haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

Daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir, Vergilər Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd edilən ödəmələr verən sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən vergi tutmadan həmin məbləği ödəyən fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəlləyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

İcarə üzrə gəlirlərdən ödəmə mənbəyində verginin tutulmaması üzrə məsuliyyət icarəçinin üzərinə düşür. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergi ödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

İcarə müqaviləsi notarial qaydada təsdiq olunan sənəddir. Əmlakı icarəyə verən tərəf onun hüquqlarını icarə əməliyyatında qoruyan sənədi imzalamaqdan imtina edərək, həmin hüquqların icra edilməsini risk altına qoyur. Misal olaraq, icarəçi obyekti yararsız hala gətirdikdə, icarə haqqını ödəmədikdə və ya icarəyə verənin tələbinə baxmayaraq obyekti boşaltmadıqda, icarəyə verənin icarə müqaviləsini təqdim edə bilməsi onun hüquqlarının müdafiəsi üçün zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31