Çevik iş vaxtı rejimi hansı iş yerlərində tətbiq oluna bilər?


"Ölkəmizdə çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində 2026-2030-cu illər ərzində beynəlxalq təcrübənin araşdırılması, hüquqi və institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev deyib: "Beynəlxalq praktikada çevik iş vaxtı rejimi, adətən, əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Bununla yanaşı, konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Bu cür iş rejimi daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün əlverişli hesab edilir. Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin tətbiqi xüsusi tənzimləmə mexanizmləri əsasında həyata keçirilir".

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı və digər müvafiq qurumların təcrübəsinə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31