Nazirliyə daxil olan zənglər 30 saniyə ərzində cavablandırmaya qəbul edilib- ÖZƏL
14:20 Sosialİyul ayı ərzində Ədliyyə Nazirliyinin "881" Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 22.750 müraciətdən 22.084-ü cavablandırılıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 85 faiz olub, habelə vətəndaş müraciətləri ilə bağlı orta xidmət müddəti 1 dəqiqə 53 saniyə təşkil edib.
Bundan başqa, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, "geriyə zəng" və "zəng sifarişi" xidmətləri ilə ay ərzində 666 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 487 vətəndaşın suallarının cavablandırılması təmin edilib.
Qeyd edək ki, xidmət keyfiyyətinin dəyərləndirilməsi məqsədilə zəng bitdikdən sonra Çağrı Mərkəzi tərəfindən vətəndaşlara SMS göndərilir. Vətəndaşlar həmin SMS-dəki linkə daxil olub qısa sualları cavablandıraraq və əlavə şərh yazaraq göstərilən xidməti qiymətləndirə bilərlər.
Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir.