“Çayların yatağı zibil yeri deyil, regionlarda emal zavodları yaradılmalıdır”-Ekoloq- ÖZƏL

"Çayların yatağı zibil yeri deyil. Çox təəssüf ki, bəzi regionlarda məişət tullantıları düzgün idarə olunmur". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən Balaxanı tullantıların çeşidlənməsi və email müəssisəsi kimi qurumlar bölgələrdə də yaradılmalıdır.
"Məişət tullantılarının tədarük məntəqələri və emal zavodlarının yaradılması zəruri hala çevrilib. Unutmayaq ki, su böhranı ilə üz-üzəyik. Ölkəmizin çayları təkcə su mənbəyi deyil, həm də kənd təsərrüfatının, biomüxtəlifliyin və insanların həyat keyfiyyətinin əsas dayaqlarından biridir. Lakin son illərdə bir çox çayların sahilləri və hövzələri məişət tullantıları ilə çirklənməkdə davam edir. Plastik qablar, şüşələr, polietilen torbalar, tikinti tullantıları və digər məişət zibilləri çayların təbii axarını pozur, suyun keyfiyyətini aşağı salır, canlı aləmə ciddi zərər vurur. Xüsusilə  Azərbaycanın qərb zonasında - Kür hövzəsini qidalandıran dağ və dağətəyi rayonlarda bu problem daha qabarıq görünür. Yağışlar və sel suları çay kənarına atılan tullantıları su hövzələrinə daşıyır, nəticədə çirklənmə daha geniş ərazilərə yayılır. Bu isə təkcə ekoloji deyil, həm də iqtisadi və sosial problemdir".
Onun sözlərinə görə, çayların çirklənməsinin əsas səbəblərindən biri tullantıların düzgün idarə olunmamasıdır. Ekoloq deyib ki, bir çox yaşayış məntəqələrində və kəndlərdə insanlar plastik, kağız, şüşə və metal tullantıları ayrıca toplamaq imkanına malik deyillər. Təkrar emal üçün qəbul məntəqələrinin olmaması nəticəsində tullantılar ya yandırılır, ya da çay kənarlarına və boş ərazilərə atılır.
"Problemin həll yolu - regionlarda tullantı tədarük məntəqələrinin yaradılmasıdır. Bakıda fəaliyyət göstərən Balaxanı tullantıların çeşidlənməsi və emalı infrastrukturu göstərir ki, müasir tullantı idarəçiliyi həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli nəticələr verir. Burada tullantıların çeşidlənməsi, emalı və zərərsizləşdirilməsi həyata keçirilir, təkrar emala yararlı materiallar iqtisadi dövriyyəyə qaytarılır. Bu məntəqələrdə vətəndaşlar plastik, şüşə, kağız, metal və digər təkrar emala yararlı tullantıları təhvil verə bilərlər. Müəyyən stimullaşdırıcı ödəniş mexanizmi tətbiq olunarsa, insanlar tullantını zibilliyə və ya çaylara atmaq əvəzinə qəbul məntəqələrinə aparmağa üstünlük verərlər. Bu sistem işə düşərsə çayların və su hövzələrinin çirklənməsi azalacaq, qanunsuz tullantı sahələrinin sayı minimuma enəcək, təkrar emal üçün sabit xammal bazası formalaşacaq, əhalidə ekoloji məsuliyyət artacaq"-deyə, o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31