Azərbaycanlı mediatorlar Qırğızıstanda keçirilən Beynəlxalq Yay Məktəbində iştirak edir- ÖZƏL
11:13 Sosial2026-cı il 6 avqust tarixində Qırğızıstan Respublikasının İssık-Kul bölgəsində yerləşən Gold Assn otelində Mərkəzi Asiya Ölkələri Mediatorlarının Konsorsiumunun təşkilatçılığı ilə Mərkəzi Asiya ölkələrinin mediatorlarını bir araya gətirən IV Beynəlxalq Mediasiya Yay Məktəbi çərçivəsində təşkil olunan "Transsərhəd mediasiya: Sinqapur və Honkonq konvensiyaları" mövzusunda beynəlxalq konfransın rəsmi açılış mərasimi keçirilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Konsorsiumun həmtəşkilatçıları qismində Qırğızıstanın Respublika Mediatorlar Birliyi, Qazaxıstanın "International Mediation and Law Centre" İctimai Birliyi və Özbəkistanın "Professional Mediators League" təşkilatı çıxış edir. Konfrans Qırğızıstan Respublikası Ədliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasının 17 nəfərdən ibarət nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə mediatorlar - Ülkər Zülfüqarova, Şəmsinur Allahverdiyeva, Nicat İsmayılov, Rüstəm Məhərrəmov, Venera Əsgərova, Arif Mehdiyev, Elşad Rəhimov, Günel Əliyeva, İbrahim İsmayılzadə, İlahə Musayeva, Mehman Əliyev, Qulu Süleymanov, Rəşad Ağayev, Saleh Şükürov, Tural Məmmədov, Turqut Nadirov və Vəfalı Fətullayev daxildir.
Konfrans Mərkəzi Asiya ölkələrinin mediatorlarının əməkdaşlığının genişləndirilməsi, transsərhəd mediasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Sinqapur Konvensiyasının tətbiqi ilə bağlı hüquqi mexanizmlərin müzakirəsi məqsədilə təşkil olunub.
Beynəlxalq Yay Məktəbi Qırğızıstan, Qazaxıstan və Özbəkistan mediatorlarının Konsorsiumu tərəfindən təşkil olunub. Konfrans hibrid formatda keçirilir və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan, Sinqapur, Honkonq (Çin), Belarus, Rusiya, Avstriya və digər ölkələrdən mediasiya sahəsində tanınmış ekspertləri, mediatorları, dövlət qurumlarının nümayəndələrini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirib.
Açılış mərasimində Qırğızıstan Respublikasının ədliyyə orqanlarının rəhbərliyi, təşkilatçı qurumların nümayəndələri və tərəfdaş təşkilatlar iştirakçılara uğurlar arzulayaraq, regionda mediasiyanın inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Konfransın proqramına uyğun olaraq gün ərzində Qırğızıstan, Qazaxıstan və Özbəkistanın mediasiya qanunvericiliyi, Sinqapur Konvensiyasının əsas müddəaları, Honkonq modeli, transsərhəd mediasiya sazişlərinin tanınması və icrası, beynəlxalq mediasiya mərkəzlərinin institusional təcrübəsi, ailə mübahisələri üzrə transsərhəd mediasiya, elektron sənəd dövriyyəsi, eləcə də bu sahədə mövcud çağırışlar və perspektivlərə həsr olunmuş məruzələr təqdim edilir.
Tədbirin sonunda transsərhəd mediasiya sazişlərinin tanınması və icrası ilə bağlı mövcud problemlər və onların həlli yollarına dair panel müzakirəsinin keçirilməsi, həmçinin konfransın yekun sənədlərinin qəbul olunması nəzərdə tutulur.
Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyətinin Beynəlxalq Yay Məktəbində iştirakı mediasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə mediasiya institutunun inkişafına töhfə verəcək yeni əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.