Bərdədə yeni qəbiristanlıq salınır- ÖZƏL
15:34 SosialBərdədə yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım məlumat verib: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov Bərdə rayonunda yeni qəbiristanlığın salınması üçün nəzərdə tutulan əraziyə baxış keçirdik".
Qeyd edək ki, Bərdə rayonunda yeni qəbiristanlığın salınması ilə bağlı təşəbbüs rayon sakinlərinin və seçicilərin çoxsaylı müraciətləri əsasında Milli Məclisin deputatı Fatma Yıldırım tərəfindən aidiyyəti dövlət qurumları qarşısında qaldırılıb. Məhz bu müraciətlərin nəticəsi olaraq məsələ müvafiq qaydada gündəliyə çıxarılıb və hazırda həyata keçirilən baxış və planlaşdırma işləri həmin təşəbbüsün davamı kimi icra olunur.
Baxış zamanı ərazinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəsi üçün uyğunluğu qiymətləndirilib. Eyni zamanda, zəruri infrastrukturun yaradılması, abadlıq tədbirlərinin həyata keçirilməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Yeni qəbiristanlıq üçün sahənin planlı şəkildə müəyyənləşdirilməsi ilə yanaşı, səmərəli idarəetmə yanaşmalarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilən tədbirlər qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi məqsədinə xidmət edir.