Türkiyə-Azərbaycan Universiteti: Elm, təhsil və sənayenin birləşdiyi yeni ünvan - VİDEO


Azərbaycanda ali təhsilin beynəlxalq səviyyəyə çatdırılması və müasir tələblərə cavab verən ixtisaslı kadr hazırlığında özünməxsus yeri olacaq  Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ili üçün bakalavriat səviyyəsi üzrə tələbə qəbulu başlayır.

Universitetin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Elm, təhsil və sənayenin birləşdiyi yeni  ünvan olan Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasında ali təhsil və elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil sistemlərinin qarşılıqlı zənginləşdirilməsi, ortaq akademik potensialın gücləndirilməsi və beynəlxalq rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024-2025-ci tədris ilindən etibarən aparılmağa başlanılıb. Universitetdə texniki və texnoloji ixtisaslar qrupu üzrə üç ixtisas - "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi", "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. 

"Kompüter mühəndisliyi" ixtisasında Orta Doğu Tekniki Universiteti, "Qida mühəndisliyi" ixtisasında Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" ixtisasında isə mütəxəssis hazırlığı İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində prosesə Azərbaycan Texniki Universiteti cəlb olunub. 

Qeyd edək ki, təhsil yalnız ingilis dilində və dövlət sifarişi əsasında həyata keçirilir.Hazırda 174 tələbənin təhsil aldığı ali məktəbə 2026-2027-ci tədris ili üçün ümumilikdə 120 plan yeri ayrılıb. 

Bunlardan 60-ı "Kompüter mühəndisliyi", 30-u "Sənaye mühəndisliyi", 30-u isə "Qida mühəndisliyi" ixtisasının payına düşür.

Xatırladaq ki, tələbə qəbulu 2024-2025-ci tədris ilindən həyata keçirilən Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib. O, bu müddət ərzində Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, tələbələrin təhsil məsələlərinin həlli və birgə akademik layihələrin təşviqi istiqamətində səmərəli fəaliyyət göstərib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31