Keçid ballarının artacağı gözlənilir - Məleykə Abbaszadə AÇIQLADI
16:23 Sosial"İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir".
Musavat.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir: "500-600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400-500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir.
II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1-3 bal azalma gözlənilir: "300-400 bal intervalında azalma 12 baladək çata bilər. 200-300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3-4 bal yüksəlməsi mümkündür.
III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3-4 bal azalma ola bilər. 500-600 bal intervalında isə keçid ballarının 3-4 bal artacağı gözlənilir. 200-500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1-8 bal artım proqnozlaşdırılır".
DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir: "Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15-17 baladək artım mümkündür. 500-600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400-500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200-300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir".
O qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır: "Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək. Hər bir abituriyent həmin statistikaya əsasən öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək".