Ana dilini qorumaq hər kəsin vətəndaşlıq borcudur- ÖZƏL
15:06 Sosial"Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafını təmin etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "2004-cü ildə latın qrafikalı nəşrlərin kütləvi şəkildə çapına başlanılması, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsinin genişləndirilməsi, 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiqi, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair mühüm fərmanların qəbul edilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.
Azərbaycan dilinin orfoqrafiya normalarının təkmilləşdirilməsi, terminologiyanın zənginləşdirilməsi, elektron resursların yaradılması və rəqəmsal mühitdə ana dilimizin mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyev dilimizin saflığının qorunmasını milli təhlükəsizlik və milli kimlik məsələsi kimi qiymətləndirərək vurğulamışdır: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır." Dövlət başçısının digər bir fikri isə bu istiqamətdə görülən işlərin əsas ideyasını ifadə edir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur."
Onun sözlərinə görə, qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə milli dillərin qorunması daha böyük əhəmiyyət kəsb edir: "Xarici sözlərin lüzumsuz işlədilməsi, sosial şəbəkələrdə dil normalarının pozulması, nitq və yazı mədəniyyətinə laqeyd münasibət Azərbaycan dilinin saflığının qorunmasını zəruri edən əsas amillərdəndir. Ana dilinin inkişafı yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Təhsil müəssisələri, elmi təşkilatlar, media, mədəniyyət ocaqları, ailə institutu və hər bir vətəndaş Azərbaycan dilinin qorunmasına öz töhfəsini verməlidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dünyasının daşıyıcısıdır".