Gənclərin elm və təhsil sahəsində qazandığı uğurlar dövlət gənclər və təhsil siyasətinin nəticəsidir- ÖZƏL
10:47 Sosial"Bu gün Azərbaycan gəncliyinin elm və təhsil sahəsində qazandığı uğurlar ölkəmizdə həyata keçirilən dövlət gənclər və təhsil siyasətinin mühüm nəticəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənclərin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil və gənclərin inkişafı istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslər gənclərimizin öz potensialını reallaşdırması üçün geniş imkanlar açır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, yüksək göstəricilər əldə edərək uğura imza atan gənclərimizi - Tağızadə Samir Hikmət oğlunu və Mursaquliyeva İnci Rəsul qızını təbrik edirik! Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunları olan gənclərimizin əldə etdiyi nəticələr hər birimizdə böyük qürur hissi oyadır. IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən Samir Tağızadənin maksimum - 700 bal toplaması, İnci Mursaquliyevanın isə blok mərhələsində 400, buraxılış imtahanında 290,2 bal (toplam 690,2 bal) göstərərək zirvəyə yüksəlməsi gözəl nailiyyətdir.
Qazandığınız bu uğurlar illərlə çəkdiyiniz böyük zəhmətin, sarsılmaz əzmkarlığın və məqsədyönlülüyün bariz təzahürüdür. Əminik ki, bu nailiyyətlərin arxasında gecə-gündüz çəkilən zəhmətlə yanaşı, hər zaman sizə inanan, arxanızda duran valideynlərinizin və sizə dəyərli biliklər bəxş edən müəllimlərinizin əvəzsiz əməyi və qayğısı dayanır. Əziz gənclərimiz, inanırıq ki, qazandığınız bu nailiyyətlər gələcək təhsil və şəxsi həyatınızda daha böyük zəfərlərin başlanğıcı olacaq. Dərin biliyiniz, vətənpərvərliyiniz və yüksək mənəvi dəyərlərinizlə doğma Azərbaycanımızın inkişafına layiqli töhfələr verəcəyinizə şübhə etmirik".

