Valideynlərin tez-tez buraxdığı səhv uşağın davranışını ağırlaşdıra bilər

Uşaqlarda kobud davranış hər zaman zəif tərbiyənin nəticəsi olmur. Bu, çox vaxt daxili gərginlik, emosional narahatlıq və ya böyüklərlə münasibətlərdə yaşanan çətinliklərin əlaməti kimi ortaya çıxır. Həmçinin belə davranışlar yaş dövrlərinə xas dəyişikliklər və ya böyüklərin davranışlarını təqlid etməklə bağlı ola bilər.

Milli.Az xəbər verir ki, psixoloq İrina Loxmatovanın sözlərinə görə, xüsusilə 3 və 7 yaş böhranı, eləcə də yeniyetməlik dövründə uşaqlar stresə, məktəbdə uğursuzluqlara və ailədaxili problemlərə daha həssas olurlar. Bu səbəbdən onlar hisslərini düzgün ifadə edə bilmədikdə aqressiv və kobud reaksiya verə bilirlər.

Mütəxəssis qeyd edir ki, belə hallar valideynlərin tərbiyədə uğursuzluğu kimi qiymətləndirilməməlidir. Bu, uşağın inkişaf prosesinin təbii mərhələsidir və onun yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkməsindən qaynaqlana bilər.

Psixoloq valideynlərə uşağa qışqırmamağı, onu hədələməməyi və sərt cəzalara əl atmamağı tövsiyə edir. Eyni zamanda, davranışlara münasibətdə ardıcıl olmaq vacibdir. Onun fikrincə, səmimi söhbətlər, birlikdə keçirilən vaxt və uşağı dinləmək ailədaxili etimadı gücləndirir. Əsas məqsəd yalnız kobud davranışı aradan qaldırmaq deyil, onun yaranma səbəblərini də anlamaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31