Bu il 11 saxta beynəlxalq dil sertifikatı aşkarlanıb - DİM

Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son dövrlərdə qəbul imtahanlarında xarici dil üzrə beynəlxalq sertifikatlarla bağlı məsələlər tez-tez gündəmə gəlir:

"DİM-nin öz xarici dil imtahanları mövcuddur. Bununla yanaşı, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq dil sertifikatları da müəyyən şərtlərlə qəbul olunur. Bu sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının qərarı ilə təsdiq edilib. Həmin qaydalara əsasən, təqdim olunan beynəlxalq dil sertifikatlarının həqiqiliyi yoxlanılır. Bu proseslə bağlı bəzən narazılıqlar və şikayətlər olur. Qısa olaraq qeyd etmək istəyirəm ki, xüsusilə TOEFL Home Edition sertifikatları ilə bağlı müəyyən risklər mövcuddur. Bu imtahanlar sertifikatlaşdırılmış imtahan mərkəzlərində deyil, ev şəraitində keçirilir. Təəssüf ki, 2023-cü ildən etibarən həmin imtahanlarda bəzi hallarda qeyri-obyektiv və qeyri-şəffaf üsullardan istifadə edilməsi faktları aşkarlanıb".

V.Misirov vurğulayıb ki, buna görə də bu sertifikatları təqdim edən şəxslərin sənədləri qəbul olunarkən, onların həqiqiliyi DİM-in müvafiq qaydalarına uyğun şəkildə əlavə yoxlamadan keçirilir:

"Education Testing Service (ETS) - Dövlət İmtahan Mərkəzinin sorğularına cavab olaraq bəzi sertifikatların həqiqətən də saxta və ya qeyri-qanuni yollarla əldə edildiyini təsdiqləyib. Buna görə də həmin sertifikatların yoxlanılması tamamilə normal və zəruri prosedurdur. Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib. Bu cür yoxlamalar qəbul prosesinin şəffaflığını və ədalətliliyini təmin etmək məqsədi daşıyır. Dünyanın bir çox nüfuzlu universitetləri də beynəlxalq sertifikatların həqiqiliyinin yoxlanılmasına xüsusi önəm verir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31