Ana dilimiz – milli kimliyimiz- ÖZƏL

"Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malik olmaqla dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qobustan və Gəmiqaya qayaüstü təsvirləri, eləcə də qədim epiqrafik abidələr xalqımızın qədim yazı və mədəniyyət tarixinin parlaq nümunələridir. Tarix boyu xalqımız müxtəlif əlifbalardan istifadə etsə də, ana dilimizin inkişafı və müasir əlifbanın formalaşması uzun və şərəfli bir yol keçmişdir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov deyib: 
"XIX əsrin ikinci yarısından başlayaraq Mirzə Fətəli Axundov və digər maarifçi ziyalılar ərəb qrafikasının Azərbaycan dilinin fonetik xüsusiyyətlərini tam əks etdirmədiyini əsas gətirərək əlifba islahatının vacibliyini irəli sürdülər. 1922-ci ildə Yeni Əlifba Komitəsinin yaradılması, 1929-cu ildən latın qrafikalı əlifbanın tətbiqi bu istiqamətdə mühüm addım oldu. Lakin 1940-cı ildə kiril qrafikasına keçid edildi.
Müstəqillik illərində isə xalqımız yenidən latın qrafikalı əlifbasına qovuşdu. Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanlarla latın qrafikalı əlifbanın tətbiqi tam təmin edildi və 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis olundu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı sahəsində misilsiz xidmətləri vardır. Məhz onun qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan dilinin dövlət dili statusu Konstitusiyada təsbit edildi, müstəqillik dövründə isə bu status daha da möhkəmləndirildi.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin imzaladığı fərman və sərəncamlar nəticəsində latın qrafikalı nəşrlərin geniş yayılması, Azərbaycan dilinin qorunması və qloballaşma şəraitində inkişafı istiqamətində mühüm işlər görülmüşdür.
Dil xalqın milli kimliyi, tarixi yaddaşı və mənəvi sərvətidir. Ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31