Seçki ərəfəsində ABŞ-İran gərginliyi: Quru əməliyyatı mümkündürmü? – ÖZƏL

İranın Avstraliyadakı keçmiş səfiri Məhəmmədhəsən Qədiri Əbyanə "Dideban-e Iran" saytına açıqlamasında ABŞ-nin İrana quru hücumuna hazırlaşdığını bildirib. Onun sözlərinə görə, ABŞ Konqresinə seçkilərdən əvvəl, hətta yakın günlərdə baş verə biləcək bu hücumun əsas məqsədi İranın adalarını, sahil və sərhədyanı ərazilərinin bir hissəsini işğal etməkdir. Sabiq diplomat Vaşinqtonun seçki öncəsi hərbi qələbəyə ehtiyac duyduğunu, lakin bu həmlənin uğursuzluqla nəticələnəcəyini vurğulayıb. O, həmçinin ABŞ ilə danışıqlar yolu ilə anlaşmanın mümkünlüyünə inananların illüziya içində olduqlarını qeyd edib.

Sabiq səfirin dedikləri nə qədər real ola bilər? ABŞ-nin İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlama ehtimalı varmı? Konqres seçkiləri ərəfəsində belə bir hərbi müdaxilə Vaşinqtonun daxili siyasi reytinqinə necə təsir edər? 

"Amerikanın quru əməliyyatı keçirməsi real görünmür. Hətta demək olar ki, bu, faktiki olaraq mümkünsüzdür. Çünki belə bir əməliyyatın həyata keçirilməsi üçün ABŞ-nin ən azı regionda yaxın hərbi bazaları və ya həmin ölkələrdə kifayət qədər hərbi kontingenti olmalıdır. Hazırkı şəraitdə isə belə bir imkan yoxdur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlamalarını da oxumuşuq. O bildirib ki, Hörmüz boğazı açıq qalmalıdır. Lakin İran bununla razılaşmır. Bu isə İranın mövqeyidir. Çünki Tehran bir sıra məsələlərdə güzəştə getmək istəmir. Təbii ki, hər iki tərəfin bir-birinə qarşı irəli sürdüyü iddialar getdikcə artır. Trampın özü üçün də bu müharibənin uzanması sərfəli deyil. ABŞ rəhbərliyi çalışır ki, bu prosesdən mümkün qədər az itki ilə çıxsın. Artıq həm maddi, həm də mənəvi itkilər artmağa başlayıb. İranın ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində Amerika hərbçiləri arasında itkilər qeydə alınır. Bu da Vaşinqton üçün əlavə təzyiq yaradır. Ona görə də seçkiqabağı dövrdə ABŞ nə quru əməliyyatına başlayacaq, nə də bu münaqişəyə daha dərindən cəlb olunmağa çalışacaq. Çünki qarşıdan seçkilər gəlir, Respublikaçılar Partiyasının reytinqində dəyişikliklər müşahidə olunur, eyni zamanda Donald Trampın şəxsi reytinqində də müəyyən eniş-yoxuşlar var. Bundan başqa, ABŞ-nin daxili siyasətində də artıq müəyyən gərginlik hiss olunur.

"İranın Oman, Bəhreyn, Qətər və regionun digər ölkələrində yerləşən Amerika hərbi bazalarına zərbələr endirməsi Tehranın əlini müəyyən mənada gücləndirib. İran bundan istifadə edərək ya danışıqlara getməməyə, ya da danışıqları öz şərtləri əsasında aparmağa çalışır. Eyni yanaşmanı ABŞ də nümayiş etdirir və tərəflər öz mövqelərini qəbul etdirməyə çalışırlar. Biz görürük ki, İsrail bu mərhələdə bir qədər geri planda qalıb. Hazırda İran və İsrail arasında birbaşa qarşılıqlı zərbələr müşahidə olunmur. Bununla belə, İsrail Livandakı proseslərə müdaxilə edir və burada İranın dəstəklədiyi proksi qüvvələrlə toqquşmalar davam edir. Bugünkü vəziyyətdə ABŞ bu məsələdə müəyyən qədər geri çəkilərək İranı öz şərtləri ilə danışıqlar masasına əyləşdirməyə çalışır. Buna görə də hesab etmirəm ki, yaxın dövrdə ABŞ-nin İrana qarşı quru əməliyyatı baş tuta bilər. Çünki bunun üçün hazırda nə hərbi, nə də logistika baxımından zəruri imkanlar mövcuddur", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31