Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçib- ÖZƏL
14:02 Sosial"Xalqları tarix səhnəsində yaşadan, onları başqalarından fərqləndirən və milli kimliyini qoruyan ən mühüm amillərdən biri ana dilidir. Dil xalqın keçmişi ilə gələcəyi arasında mənəvi körpü yaradır, onun milli yaddaşını, adət-ənənələrini, ədəbiyyatını, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadır. Məhz buna görə də Azərbaycan xalqı tarix boyu öz ana dilini ən böyük milli sərvətlərindən biri hesab etmiş, onun qorunmasını və inkişafını müqəddəs vəzifə kimi qəbul etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü ana dilimizin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərən əlamətdar tarixdir. Bu gün yalnız əlifbamızın və dilimizin bayramı deyil, həm də milli kimliyimizin, mənəvi irsimizin və dövlətçilik ənənələrimizin təntənəsidir.
Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçmiş, əsrlər boyu xalqımızın düşüncə tərzini, dünyagörüşünü və mənəvi dəyərlərini yaşatmışdır. Qədim yazılı abidələrimizdən başlayaraq klassik ədəbiyyatımıza, müasir elmi və bədii yaradıcılığa qədər bütün mənəvi irsimiz ana dilimizin zəngin imkanları sayəsində formalaşmışdır.
Tariximizin ən mürəkkəb dövrlərində belə Azərbaycan dili xalqımızın milli ruhunu qorumuşdur. Keçmiş ittifaq dövründə milli dillərin sıxışdırılması cəhdlərinə baxmayaraq, Azərbaycan dili xalqın gündəlik həyatında, ədəbiyyatında və mədəniyyətində yaşamağa davam etmişdir. Lakin ana dilinin dövlət dili statusunun hüquqi cəhətdən təmin edilməsi üçün qətiyyətli siyasi iradə lazım idi.
Bu tarixi missiyanı Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənlik və cəsarətlə həyata keçirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsi milli tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir".