Erkən başlanan müalicə qaraciyəri ağır fəsadlardan qoruyur- ÖZƏL

"Virus hepatitləri "səssiz" xəstəliklərdir. B və C hepatiti çox vaxt heç bir əlamət göstərmədən illərlə davam edir. Bu müddət ərzində qaraciyər sakitcə zədələnir. İnsanların böyük əksəriyyəti xəstə olduğunu bilmir və müalicə imkanını əldən verir. Zədələnmə davam etdikcə xəstəlik qaraciyər sirrozuna, sonra isə qaraciyər xərçənginə qədər gedib çıxa bilir". "Olaylar" xəbər verir ki, bunu qastroenteroloq-hepatoloq Emin Məmmədov deyib: "Yaxşı xəbər isə odur ki, bu gün əlimizdə güclü vasitələr var. Hepatit B peyvənd vasitəsilə qarşısı alınan, hepatit C isə əksər hallarda tam sağalan xəstəlikdir. Vətəndaşlara tövsiyələrim sadədir. Birincisi, analiz verin. Hepatit B və C adi qan analizi - HBsAg və anti-HCV testləri vasitəsilə aşkarlanır. Xüsusən keçmişdə qan köçürülməsi, cərrahi və ya diş müdaxiləsi keçirənlər, steril olmayan alətlərlə manikür, döymə və pirsinq etdirənlər, damardaxili narkotik vasitələr istifadə edənlər və hepatit daşıyıcısı ilə eyni evdə yaşayanlar mütləq yoxlanmalıdırlar.

İkincisi, peyvəndlənin. Hepatit B peyvəndi təhlükəsizdir, yenidoğulmuşlara vurulur və peyvəndlənməmiş böyüklər də istənilən yaşda vaksinasiya oluna bilərlər.

Üçüncüsü, ötürülmə yollarını aradan qaldırın. Ülgüc, diş fırçası, dırnaq alətləri kimi şəxsi əşyaları paylaşmayın. Əgər diaqnoz qoyularsa, əlamətlərin yaranmasını gözləmədən dərhal mütəxəssisə müraciət edin. Çünki erkən başlanan müşahidə və müalicə qaraciyəri ağır fəsadlardan qoruyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31