Yardımlıda qazilərə səyyar tibbi xidmət göstərilib- ÖZƏL

Yardımlı rayonunda səyyar tibbi xidmətlərin növbəti ünvanı qazilərin evləri olub. "Olaylar" xəbər verir ki, bu barədə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Ravil Qənbərov məlumat verib: "2025-ci ilin martından bu günədək 70-ə yaxın kənddə həyata keçirdiyimiz səfərlərin əsas məqsədi aydındır: tibbi xidməti xəstəxana binası ilə məhdudlaşdırmamaq və ucqar yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın sağlamlıq xidmətlərinə əlçatanlığını təmin etmək.

Bu səfər isə xüsusi bir məqsədlə planlaşdırıldı- Vətən qarşısında xidmət göstərmiş qazilərimizi öz evlərində ziyarət etmək. Səyyar briqadalarımız onlar üçün tibbi müayinələr apardı, sağlamlıq ehtiyaclarını qiymətləndirdi və zəruri tövsiyələr təqdim etdi. Bu, sadəcə tibbi müayinə deyil, qazilərimizə göstərdiyimiz hörmətin, dərin minnətdarlığın və dövlət qayğısının onların qapısına qədər çatdırılmasıdır.

Yardımlının mürəkkəb coğrafiyası bizim üçün maneə deyil, məsuliyyətimizdir. Məqsədimiz ehtiyacı olan insanın xəstəxanaya gəlməsini gözləmək deyil, tibbi xidməti onun yanına aparmaqdır. Qazilərimizin sağlamlığı və rifahı bizim üçün prioritet olaraq qalacaq, onlara diqqətimizi davam etdirəcək, xidmətlərin keyfiyyətini və əhatə dairəsini daim artıracağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31