Magistraturada minlərlə plan yeri niyə boş qalır? – Keçid balları ilə bağlı PROQNOZ
13:27 SosialMagistraturaya qəbul prosesi ilə bağlı builki göstəricilər bir sıra suallar doğurur. Müraciət edənlərin və müsabiqə şərtlərini ödəyən namizədlərin sayının plan yerlərindən az olması bəzi ixtisaslarda yerlərin boş qalacağı ehtimalını artırır. Bu vəziyyət keçid ballarının necə formalaşacağı ilə bağlı müxtəlif proqnozların səsləndirilməsinə səbəb olur.
Mövzu ilə bağlı təhsil üzrə ekspert-mütəxəssis Ramin Nurəliyev Trend-ə açıqlamasında bildirib ki, magistraturaya qəbulla bağlı vəziyyət o qədər də ürəkaçan deyil. O, buna səbəb kimi magistraturaya müraciət edən gənclərin sayının az olmasını göstərib. Ekspertin sözlərinə görə, eyni zamanda, imtahanda müsabiqə şərtlərini ödəyənlərin sayı da çox deyil:
"Dövlət tərəfindən ayrılan plan yerlərinin sayı isə kifayət qədər çoxdur. Bu isə onu göstərir ki, bəzi ixtisaslar üzrə keçid ballarında artım, bəzilərində isə azalma müşahidə oluna bilər. Bəzi ixtisaslarda, xüsusilə dəqiq elmlər istiqamətində tələbələrin imtahanda yaxşı nəticə göstərməsi keçid ballarına təsir edir. Humanitar yönümlü ixtisaslarda isə tələbələrin daha zəif nəticə göstərməsi keçid ballarının aşağı düşməsinə səbəb ola bilər".
Yüksək ballarda azalma gözləntisi
Ramin Nurəliyev bildirib ki, yüksək ballarla bağlı Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi statistikaya əsasən, xüsusilə 58-59 baldan yuxarı nəticə göstərənlər arasında azalma müşahidə olunacağı gözlənilir. Çünki bu bal aralığında olan namizədlərin sayı azdır. Bununla belə, bəzi ixtisaslar istisna təşkil edə bilər.
Keçid ballarını müəyyən edən əsas amillər
Ekspertin sözlərinə görə, magistraturada vəziyyət bir qədər fərqlidir. O qeyd edib ki, burada keçid balları hər ixtisas üzrə ayrıca formalaşır:
"Yüksək və aşağı bal göstəriciləri o qədər də həlledici rol oynamır. Əsasən ümumi ixtisaslar üzrə ayrılan plan yerlərinin sayı və həmin ixtisaslara müraciət edən namizədlərin topladığı ballar keçid ballarına təsir göstərir.
56-58 bal aralığında sabitlik gözlənilir
Hesab edirəm ki, ümumilikdə yüksək ballar üzrə müəyyən azalma olacaq. 56-57-58 bal civarında olan nəticələrin isə bir çox ixtisaslarda sabit qalacağı gözlənilir. Aşağı ballarda da bəzi ixtisaslar üzrə keçid ballarının qalxması ehtimalı var",
MBA proqramlarında ballar arta bilər
Mütəxəssisin fikrincə, MBA proqramları üzrə isə müəyyən dəyişikliklərin formalaşacağı gözlənilir:
"Bəzi MBA proqramlarında balların artması müşahidə oluna bilər. Çünki bu kateqoriyaya aid namizədlərin sayı daha çoxdur və onların MBA proqramlarına üstünlük verməsi keçid ballarının yüksəlməsinə təsir göstərə bilər. Bəzi qeyri-perspektivli ixtisasları bitirən tələbələr öz ixtisasları üzrə deyil, MBA proqramları üzrə magistraturaya müraciət etməyi seçirlər. Əmək bazarının tələbləri də bu tendensiyanı göstərir".
Magistraturada plan yerləri və namizəd sayı
Ramin Nurəliyev plan yerləri və namizəd sayına da diqqət çəkib. O bildirib ki, hazırkı göstəricilərə əsasən, magistratura imtahanı üçün qeydiyyatdan keçənlərin sayı təxminən 23 min nəfər, magistratura üzrə plan yerlərinin sayı 17 688, ixtisas seçiminə buraxılan və müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı isə təxminən 15 640 nəfərdir.
Plan yerlərinin boş qalma səbəbləri
Ekspert qeyd edib ki, hər il təxminən 3-5 min plan yerinin boş qalması müşahidə olunur:
"Bunun bir neçə səbəbi var:
Magistraturaya gənclərin marağı aşağı səviyyədədir. Akademik karyerasını inkişaf etdirmək istəyən gənclərin sayı azalmaqdadır.
Magistratura imtahanının mövcud modeli gənclərin iştirakına təsir edir. İmtahanda ixtisas fənni üzrə sualların olmaması ciddi problemlərdən biridir. Xüsusilə humanitar ixtisasları bitirən məzunlar arasında bu istiqamətdə ümidsizlik yaranır.
Əmək bazarında magistratura dərəcəsinə kifayət qədər önəm verilmir. Magistr dərəcəsi işə qəbul zamanı əsas və vacib amillərdən biri kimi qiymətləndirilmir və bu dərəcəyə görə xüsusi imtiyazlar təqdim olunmur".
Magistratura üzrə dəyişikliklərə ehtiyac var
"Bəzi magistratura ixtisasları üzrə müəyyən düzəlişlərin aparılmasına ehtiyac var. Eyni zamanda, işəgötürənlər magistr dərəcəsinə daha çox önəm verməli, əməkhaqqı və karyera imkanları da bu təhsil səviyyəsinə uyğun şəkildə tənzimlənməlidir", - ekspert əlavə edib.
Qeyd edək ki, magistratura üzrə ixtisaslaşma seçimi bu gun saat 13:00-da bitib. Dövlət İmtahan Mərkəzinin rəsmi saytındakı statistikaya görə, 15716 (1395 nəfər rus bölməsi, 14321 nəfər Azərbaycan bölməsi) nəfər bakalavr ərizəsini təsdiq edib