FHN-dən isti hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun

Fövqəladə Hallar Nazirliyi (FHN) qarşıdakı həftəsonu ölkədə gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, şənbə və bazar günləri havanın temperaturu bəzi ərazilərdə 41 dərəcəyədək yüksələ bilər.

FHN bildirib ki, belə isti hava şəraitində ən kiçik ehtiyatsızlıq açıq ərazilərdə, meşə massivlərində və təsərrüfat sahələrində yanğınlara səbəb ola bilər. Eyni zamanda, yüksək temperatur fonunda kondisioner və digər məişət cihazlarından istifadənin artması elektrik şəbəkələrində yüklənməni artıraraq qısaqapanma riskini yüksəldir.

Nazirlik vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb. Bildirilib ki, elektrik qurğularının texniki vəziyyəti mütəmadi yoxlanılmalı, naqillərin həddindən artıq yüklənməsinə yol verilməməlidir.

Həmçinin əkin sahələri, xırmanlar, ot tayaları və digər yanğın riski yüksək olan ərazilərdə açıq oddan istifadə edilməməsi, siqaret kötüyü və kibrit çöplərinin ətrafa atılmaması tövsiyə olunub.

FHN meşə ərazilərinə yaxın yaşayan vətəndaşlara və istirahətə gedən şəxslərə də xəbərdarlıq edib. Qeyd olunub ki, meşələrdə tonqal yalnız xüsusi ayrılmış yerlərdə yandırılmalı, küləkli havalarda isə tonqal qalamaqdan çəkinilməlidir. Ərazi tərk edilərkən ocaq tam söndürülməlidir.

Nazirlik bir daha xatırladıb ki, yanğın və digər fövqəladə hallar zamanı 112 qaynar xəttinə müraciət etmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31